Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şadlıq sarayları, mərasim evləri isə restoranlardan seçilmir
Bu gün insanları düşündürən, həyəcanlandıran və narahat edən saysız-hesabsız problemlərdən biri də toy və yas mərasimləri ilə bağlıdır. Hər bir valideynin ən ümdə, ürəyinin başında bəsləyib əzizlədiyi arzusu övladını xoşbəxt görmək, vaxtında əlini başına yığıb yurd-yuva qurmasıdır. Bu arzu qohum-əqrəbanın, dost-tanışın iştirakı ilə toy məclislərində reallaşır. Ulularımızın tarixə dönmüş yaddaşında 40 gün-40 gecənin elə-elata səs salan məclisləri yaşayır.
Toya təşrif buyuranlar ozanlarımızın bitib-tükənməz dastanlarına qulaq kəsilər, 3 gün, 3 gecə qara zurnanın şaqraq zənguləsi altında yorulmadan yallı gedərdilər. Aşıq Şakirin, Aşıq Pənahın, ustad Əhmədin gecələr səhər üzünədək saz tutub söz deməyi bu gün də müasirlərimizin hafizəsindədir. Sonra kənd toylarına gitara gəldi, sintezator ayaq açdı. Bakıdan çağırılan “estrada ulduzları” məclislərdə əsl tozanaq qopardılar. Cavanlar hansı havaya oynadılarsa, heç özləri də baş açmadılar. Şəhərlərdə tikilən şadlıq saraylarında, nəhəng restoranlarda evlənmək istəyənlərin uzun növbələri yarandı. Əlbəttə, çadır toyları hara, bu zəngin, geniş salonlar hara?!
Şadlıq saraylarının sayı artıqca stolların üstünə düzülən yemək-içməyin, çərəzlərin növləri də artdı. Çeşid çoxaldıqca, çox təəssüf ki, keyfiyyət unuduldu. Süfrəyə gətirilən təamların al-əlvanlığına yalnız reklam xətrinə fikir verilir. Toyda sağlıq demək istəyənlərin sayının getdikcə azalması, əslində, alqışlanmalıdır. Bunun iki səbəbi var – birincisi, məclislər o qədər səs-küylü keçir ki, sağlıq deyənin səsini, yəqin ki, bircə özü eşidir. İkincisi də, əsas fikir oynamağa, sözün əsl mənasında, tulanıb-düşməyə verilir. Bir dəstə adam tapılır ki, hər bir rəqsi eyni şövqlə, eyni templə oynayır, - lap əldən düşənədək. Salonlarda qurulan xüsusi işıqlandırma sistemi havaya qalxan tozu bütün çılpaqlığı ilə müşahidə etməyə imkan vermir. İçkinin təsirindən, məclisin ab-havasından xumarlanan cavanlar sintezatorun qulaq dələn gurultusu altında lap nəfəsləri kəsilənə qədər oynayırlar. Tavanı alçaq olan salonlarda bir kəlmə söz eşitdirmək üçün boğazının səs tellərindən xeyli qurban verməli olursan. İndi gəl hansısa “teleulduzun” əcaib xırıltısı, səsgücləndirici qurğuların, işıq-kölgə effektlərinin, toz-dumanın içində rahat bircə tikə çörək kəs, istirahət elə. Bu yerdə Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları yadda düşür: “Restorana gəlmişəm ki, yeyəm-içəm, həzz alım, itmi boğuşdururlar, bu nə səsdir, ay balam?!” Əsəbini, sağlamlığını qorumaq istəyən adam uzağı yarım saat duruş gətirə bilər bu toylarda, o da məclisin əvvəlində. Salamatı odur ki, durub qapının ağzında qoyulan qırmızı örtüklü stola yaxınlaşıb “qeydiyyatdan keçəsən”, bircə dənə konfetlə ağzını şirin edib evinə yollanasan.
Dediklərimizlə indiki toyların ab-havasını tam əks etdirmək fikrindən uzağıq. Ola bilsin, hansısa nüansı unutduq, nədəsə ifrata vardıq. Amma gəlin etiraf edək ki, ümumilikdə, vəziyyət belədir. Əlbəttə, heç bir valideyn övladının xeyir işinin urvatsız keçməsini, xırdaca narazılığın yaranmasını istəməz. Sadəcə, elə arzuolunmaz tendensiya yaranıb ki, toy sahiblərinin heç bir iradı qəbul olunmur, niyyəti baş tutmur. Necə deyərlər, “dəyirman öz işindədir”.
Atalardan qalma bir misal var – deyirlər ki, xeyirlə şər qardaşdır. Elə bu baxımdan müasir dövrün yas məclisləri barədə də sadəcə fikirlərimizi çatdırmaq istərdim. Bu ağrılı və həssas mövzu barədə illər boyu mətbuatda, televiziya və radioda söhbət açılıb, müxtəlif fikir və mülahizələr səsləndirilib. Mötəbər din xadimlərimiz, alimlərimiz, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar yas məclislərinin keçirilmə qaydalarının sadələşdirilməsi, ölü yiyəsinə ciddi maddi ziyan dəyməsinin qarşısının alınması üçün yollar tapılması barədə təkliflərini çatdırıblar. Çox təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb. Onsuz da əzizini itirmiş adamlar mənəvi sarsıntı keçirirlər. Vəfat etmişlərin yaxınları, əzizləri qısa vaxtda yüz cür problemi yoluna qoymaq məcburiyyətində qalırlar. Doğrudur, dost-tanış, qohumlar dərhal müsəlman ənənələrinə görə köməyə çatır, ölü yiyəsinin qolundan tutmağa çalışırlar. Amma toy məclislərində olduğu kimi, yas mərasimlərində də heç kim, necə deyərlər, qonşudan geri qalmaq istəmir. Gələnləri qarşılamaq, yemək-içmək vermək vəzifəsi digər işləri qabaqlayır. Qəfil ölümlər xüsusilə ciddi problemlər yaradır. Çadır, qab-qaçaq, ərzaq tədarükü, qəbiristanlıqda yer almaq, molla dalınca qaçmaq, məsciddəki vacib rituallar, daha nələr, nələr... Gənc, təcrübəsiz ailələrdə bütün bunlar daha ciddi narahatlıqlar törədir. Kimin hansı işin qulpundan yapışması bəzən müşkülə çevrilir. Bəs bütün bunların asanlıqla həllinə nail olmaq mümkün deyilmi? Yəqin ki, orta və yaşlı nəslin nümayəndələri hələ SSRİ dövründə bir sıra müttəfiq respublikalarda, Moskva və Sankt-Peterburqda dəfn mərasimlərinin necə təşkil olunmasını yaxşı xatırlayırlar.
Bütün problemləri asanlıqla yoluna qoyan xüsusi dəfn büroları vəfat etmiş şəxsin yaxın adamlarını qayğılardan azad edər, onların dərd-sərini xeyli yüngülləşdirərdilər. Yas yiyələri demək olar, əllərini ağdan-qaraya vurmazdılar. Baltikyanı respublikalarada bu məsələlər xüsusilə problemsiz həll edilərdi və çox güman ki, indi də belədir.
Yas mərasimlərinin vara-yoxa baxmadan təntənəli keçirilməsinə cəhd göstərilməsi halları da narahatlıq doğurur. Toylarda olduğu kimi, qonşudan geri qalmamaq naminə borca girməli olsa da, başsağlığı verməyə gələnlərə yüksək səviyyədə qulluq göstərməyə can atanlar özləri də bilmədən cəmiyyətdə disbalans yaradırlar.
Yas mərasimlərinin çoxmərhələliliyinin aradan qaldırılması barədə də cəmiyyətdə, mətbuatda ara-sıra söhbətlər gedib. Amma hələlik heç bir səmərə vermədiyindən yenidən xatırlatmaq zərurəti ortaya çıxır. 3, 7, 40 məclisləri, hələ üstəlik, cümə axşamları və bəzi regionlarda “52” adlanan mərasimlər. Bütün bu üzüntülü, çoxlu xərc tələb edən mərasimlər təziyə sahibini lap əldən salır. Doğrudur, vəfat etmiş əzizlərimizin xatirəsini nə qədər tez-tez yad etsək, ruhuna “Yasin” və dualar oxutdursaq, o qədər savabdır. Amma buna görə tez-tez mərasimlər keçirmək, titullu, nüfuzlu din xadimlərini dəvət etmək, hədsiz xərç cəkib, təntənəli süfrə açmaq o qədər vacibdirmi?! Hələ adlı-sanlı adamların, rəhbər işçilərin məclisə gəlməsinə görə harada gəldi öyünmək, belə faktları yada salmaq özü günah deyilmi?! Bütün bunlar insana sağlığında qiymət verməyin bəsirətini xatırladır, əziz adamı öləndən sonra əl-ayağa düşməyin, təntənələr fonunda layiqli varis, canıyanan qohum obrazı yaratmağın heç kimə gərək olmadığını yada salır.
Toy və yas, xeyir və şər. Bu ifadələr insan həyatının ikili xarakterini ehtiva edən çox mühüm məqamlar kimi qəbul edilir. Biz ömür boyu bu məqamlarda qol-boyun, göz-gözə yaşayırıq. Bu anların yaddaşımızdakı izlərini heç bir barometrik cihaz ölçə bilməz. Bu hisslər yalnız onu yaşayanlara məxsusdur və çəkisi də, ölçü-biçisi də məhz bu duyğu sahiblərinin özlərinə məlumdur. Ömrü şərəflə, namusla yaşamaq istəyində olan hər kəsin həm də rahat, qayğısız, problemlərdən qismən də olsa uzaq yaşamaq və həyatımızı zinətləndirən adət-ənənələrimizi yaşatmaq səlahiyyəti var. Bu səlahiyyət isə nə poçtla göndərilir, nə də mağazada satılır. Sadəcə, Tanrıdan hər kəsə göndərilən tale payıdır.
Akif CABBARLI,
yazıçı-publisist