Icma.az
close
up
RU
Hanı xalqın o mağar məclisləri?

Hanı xalqın o mağar məclisləri?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Şadlıq sarayları, mərasim evləri isə restoranlardan seçilmir 

Bu gün insanları düşündürən, həyəcanlandıran və narahat edən saysız-hesabsız problemlərdən biri də toy və yas mərasimləri ilə bağ­lıdır. Hər bir valideynin ən ümdə, ürəyinin başında bəsləyib əzizlədiyi arzusu övladını xoşbəxt görmək, vaxtında əlini başına yığıb yurd-yu­va qurmasıdır. Bu arzu qohum-əqrəbanın, dost-tanışın iştirakı ilə toy məclislərində reallaşır. Ulularımızın tarixə dönmüş yaddaşında 40 gün-40 gecənin elə-elata səs salan məclisləri yaşayır.

Toya təşrif buyuranlar ozanları­mızın bitib-tükənməz dastanlarına qulaq kəsilər, 3 gün, 3 gecə qara zurnanın şaqraq zənguləsi altında yorulmadan yallı gedərdilər. Aşıq Şakirin, Aşıq Pənahın, ustad Əh­mədin gecələr səhər üzünədək saz tutub söz deməyi bu gün də müa­sirlərimizin hafizəsindədir. Sonra kənd toylarına gitara gəldi, sinte­zator ayaq açdı. Bakıdan çağırılan “estrada ulduzları” məclislərdə əsl tozanaq qopardılar. Cavanlar hansı havaya oynadılarsa, heç özləri də baş açmadılar. Şəhərlərdə tikilən şadlıq saraylarında, nəhəng res­toranlarda evlənmək istəyənlərin uzun növbələri yarandı. Əlbəttə, çadır toyları hara, bu zəngin, geniş salonlar hara?! 

Şadlıq saraylarının sayı artıqca stolların üstünə düzülən yemək-iç­məyin, çərəzlərin növləri də artdı. Çeşid çoxaldıqca, çox təəssüf ki, key­fiyyət unuduldu. Süfrəyə gətirilən təamların al-əlvanlığına yalnız reklam xətrinə fikir verilir. Toyda sağlıq demək istəyənlərin sayının getdikcə azalması, əslində, alqışlanmalıdır. Bunun iki səbəbi var – birincisi, məc­lislər o qədər səs-küylü keçir ki, sağlıq deyənin səsini, yəqin ki, bircə özü eşidir. İkincisi də, əsas fikir oynamağa, sözün əsl mənasında, tula­nıb-düşməyə verilir. Bir dəstə adam tapılır ki, hər bir rəqsi eyni şövqlə, eyni templə oynayır, - lap əldən düşənədək. Salonlarda qurulan xüsusi işıqlandırma sistemi havaya qalxan tozu bütün çılpaqlığı ilə müşahidə et­məyə imkan vermir. İçkinin təsirindən, məclisin ab-havasından xumar­lanan cavanlar sintezatorun qulaq dələn gurultusu altında lap nəfəsləri kəsilənə qədər oynayırlar. Tavanı alçaq olan salonlarda bir kəlmə söz eşitdirmək üçün boğazının səs tellərindən xeyli qurban verməli olursan. İndi gəl hansısa “teleulduzun” əcaib xırıltısı, səsgücləndirici qurğuların, işıq-kölgə effektlərinin, toz-dumanın içində rahat bircə tikə çörək kəs, istirahət elə. Bu yerdə Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları yadda düşür: “Restorana gəlmişəm ki, yeyəm-içəm, həzz alım, itmi bo­ğuşdururlar, bu nə səsdir, ay balam?!” Əsəbini, sağlamlığını qorumaq istəyən adam uzağı yarım saat duruş gətirə bilər bu toylarda, o da məcli­sin əvvəlində. Salamatı odur ki, durub qapının ağzında qoyulan qırmızı örtüklü stola yaxınlaşıb “qeydiyyatdan keçəsən”, bircə dənə konfetlə ağ­zını şirin edib evinə yollanasan. 

Dediklərimizlə indiki toyların ab-havasını tam əks etdirmək fikrindən uzağıq. Ola bilsin, hansısa nüansı unutduq, nədəsə ifrata vardıq. Amma gəlin etiraf edək ki, ümumilikdə, vəziyyət belədir. Əlbəttə, heç bir va­lideyn övladının xeyir işinin urvatsız keçməsini, xırdaca narazılığın ya­ranmasını istəməz. Sadəcə, elə arzuolunmaz tendensiya yaranıb ki, toy sahiblərinin heç bir iradı qəbul olunmur, niyyəti baş tutmur. Necə deyərlər, “dəyirman öz işindədir”. 

Atalardan qalma bir misal var – deyirlər ki, xeyirlə şər qardaşdır. Elə bu baxımdan müasir dövrün yas məclisləri barədə də sadəcə fikirlə­rimizi çatdırmaq istərdim. Bu ağrılı və həssas mövzu barədə illər boyu mətbuatda, televiziya və radioda söhbət açılıb, müxtəlif fikir və müla­hizələr səsləndirilib. Mötəbər din xadimlərimiz, alimlərimiz, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar yas məclislərinin keçirilmə qaydalarının sadələşdirilməsi, ölü yiyəsinə ciddi maddi ziyan dəyməsinin qarşısının alınması üçün yollar tapılması barədə təkliflərini çatdırıblar. Çox təəs­süf ki, bu məsələ hələ də öz həllini tapmayıb. Onsuz da əzizini itirmiş adamlar mənəvi sarsıntı keçirirlər. Vəfat etmişlərin yaxınları, əzizləri qısa vaxtda yüz cür problemi yoluna qoymaq məcburiyyətində qalırlar. Doğ­rudur, dost-tanış, qohumlar dərhal müsəlman ənənələrinə görə köməyə çatır, ölü yiyəsinin qolundan tutmağa çalışırlar. Amma toy məclislərin­də olduğu kimi, yas mərasimlərində də heç kim, necə deyərlər, qonşudan geri qalmaq istəmir. Gələnləri qarşılamaq, yemək-içmək vermək vəzifəsi digər işləri qabaqlayır. Qəfil ölümlər xüsusilə ciddi problemlər yaradır. Çadır, qab-qaçaq, ərzaq tədarükü, qəbiristanlıqda yer almaq, molla dalınca qaçmaq, məsciddəki vacib rituallar, daha nələr, nələr... Gənc, təcrübəsiz ailələrdə bütün bunlar daha ciddi narahatlıqlar törədir. Kimin hansı işin qulpundan yapışması bəzən müşkülə çevrilir. Bəs bütün bunların asanlıqla həllinə nail olmaq mümkün deyilmi? Yəqin ki, orta və yaşlı nəslin nü­mayəndələri hələ SSRİ dövründə bir sıra müttəfiq respublikalarda, Mosk­va və Sankt-Peterburqda dəfn mərasimlərinin necə təşkil olunmasını yaxşı xatırlayırlar.

Bütün problemləri asanlıqla yoluna qoyan xüsusi dəfn büroları vəfat etmiş şəxsin yaxın adamlarını qayğılardan azad edər, onların dərd-sərini xeyli yüngülləşdirərdilər. Yas yiyələri demək olar, əllərini ağdan-qaraya vurmazdılar. Baltikyanı respublikalarada bu məsələlər xüsusilə problem­siz həll edilərdi və çox güman ki, indi də belədir. 

Yas mərasimlərinin vara-yoxa baxmadan təntənəli keçirilməsinə cəhd göstərilməsi halları da narahatlıq doğurur. Toylarda olduğu kimi, qon­şudan geri qalmamaq naminə borca girməli olsa da, başsağlığı verməyə gələnlərə yüksək səviyyədə qulluq göstərməyə can atanlar özləri də bil­mədən cəmiyyətdə disbalans yaradırlar. 

Yas mərasimlərinin çoxmərhələliliyinin aradan qaldırılması barədə də cəmiyyətdə, mətbuatda ara-sıra söhbətlər gedib. Amma hələlik heç bir səmərə vermədiyindən yenidən xatırlatmaq zərurəti ortaya çıxır. 3, 7, 40 məclisləri, hələ üstəlik, cümə axşamları və bəzi regionlarda “52” adlanan mərasimlər. Bütün bu üzüntülü, çoxlu xərc tələb edən mərasimlər təziyə sahibini lap əldən salır. Doğrudur, vəfat etmiş əzizlərimizin xatirəsini nə qədər tez-tez yad etsək, ruhuna “Yasin” və dualar oxutdursaq, o qədər savabdır. Amma buna görə tez-tez mərasimlər keçirmək, titullu, nüfuz­lu din xadimlərini dəvət etmək, hədsiz xərç cəkib, təntənəli süfrə açmaq o qədər vacibdirmi?! Hələ adlı-sanlı adamların, rəhbər işçilərin məclisə gəlməsinə görə harada gəldi öyünmək, belə faktları yada salmaq özü gü­nah deyilmi?! Bütün bunlar insana sağlığında qiymət verməyin bəsirətini xatırladır, əziz adamı öləndən sonra əl-ayağa düşməyin, təntənələr fo­nunda layiqli varis, canıyanan qohum obrazı yaratmağın heç kimə gərək olmadığını yada salır.

Toy və yas, xeyir və şər. Bu ifadələr insan həyatının ikili xarakterini ehtiva edən çox mühüm məqamlar kimi qəbul edilir. Biz ömür boyu bu məqamlarda qol-boyun, göz-gözə yaşayırıq. Bu anların yaddaşımızdakı izlərini heç bir barometrik cihaz ölçə bilməz. Bu hisslər yalnız onu yaşa­yanlara məxsusdur və çəkisi də, ölçü-biçisi də məhz bu duyğu sahiblərinin özlərinə məlumdur. Ömrü şərəflə, namusla yaşamaq istəyində olan hər kə­sin həm də rahat, qayğısız, problemlərdən qismən də olsa uzaq yaşamaq və həyatımızı zinətləndirən adət-ənənələrimizi yaşatmaq səlahiyyəti var. Bu səlahiyyət isə nə poçtla göndərilir, nə də mağazada satılır. Sadəcə, Tan­rıdan hər kəsə göndərilən tale payıdır.

Akif CABBARLI,
yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri