Icma.az, Milli.az saytına istinadən bildirir. "Ali təhsil artıq "elit seçim" deyil, kütləvi mərhələyə keçib".
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15-20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25-30 faizə qalxmışdı.
Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50-70 faiz, hətta daha yüksəkdir.
Ekspert nəzərə çatdırıb ki, Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-da 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir: "Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir".
K.Əsədov qeyd edib ki, pandemiyadan sonra isə daha dərin dönüş baş verib.
Bildirib ki, ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşıb: "İnsanlar gördülər ki, real iş bacarıqları, çevik kompetensiyalar və tez uyğunlaşma qabiliyyəti klassik auditoriya mühitindən daha sürətli və effektiv formada qeyri-formal təhsil vasitəsilə əldə oluna bilir.
Qısa müddətli kurslar, ixtisasartırma proqramları, onlayn təlimlər və sertifikatlar bir çox hallarda universitet diplomundan daha funksional nəticə verir".