Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Məsafədən (distant) işləmək qanuniləşir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Əmək Məcəlləsinin vəzifələri və prinsiplərinə əlavə olunan yeni - məsafədən (distant) iş anlayışı əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsi deməkdir.Distant iş rejimində əmək hüquqları pozulanda işçi öz hüquqlarını necə müdafiə edə bilər?İşçinin məsuliyyəti, iş saatları, istirahət hüququ tərəflər arasında hüquqi öhdəliklər necə tənzimlənəcək?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına hüquqşünas Ruslan Mustafayev bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri də məsafədən işlə bağlı olacaq: “Bizdə də olan məlumata görə hal-hazırda bu layihə işlənilir və böyük ehtimal ki, gələcəkdə öz təsdiqini tapacaq.
Əmək Məcəlləsində müəyyən dəyişikliklər ediləcək və bu dəyişiklərdən biri də məsafədən işlə bağlı olacaq.
Ümumiyyətlə beynəlxalq təcrübədə məsafədən işləmək anlayışı artıq çoxdandır var və qanuniləşdirilmişdir.
Qanunvericilikdə yalnız məsafədən işləməklə bağlı müddəanın əlavəsi deyil, bundan yaranan digər hüquqların hansı formada qorunacağını mübahisələrini, hansı formada həll olunacağı ilə də bağlı dəyişikliklərin aparılması mütləqdir.
Təbii olaraq həm işəgötürənin, həm işçinin gələcəkdə hüquqlarının pozulmaması üçün qanunvericilik aydın şəkildə bu məsələlərə öz münasibətini bildirməlidir.