Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türk dünyasının məşhur türkoloqlarının 1 əsr əvvəl Bakıda toplanmış il məclisin fəal iştirakçılarından biri də istedadlı ədəbiyyatşünas, publisist Hənəfi Zeynallı olmuşdu.
Bir çox qurultay nümayəndəsi kimi, o da 11 il sonra məşhur repressiyanın qurbanı kimi güllələnmişdi.
1895-ci ildə Bakıda nalbənd ailəsində dünyaya gələn Hənəfi Zeynallının uşaqlıq illəri yoxsulluq və çətinlik içində keçsə də o, təhsildən və maarifdən uzaqlaşmadı.
Küçələrdə ayaqqabı silib qəzet satan bu azyaşlı oğlan mollaxanada aldığı dini və rus-tatar məktəbində dünyəvi təhsili sayəsində Azərbaycan elminin parlaq simalarından birinə çevrildi.
1916-cı ildə Bakıda fəaliyyət göstərən Orta Politexnik Məktəbini bitirmiş, elə həmin il müsabiqə yolu ilə İmperator Texniki Peşə Məktəbinə qəbul olunmuşdur.
Lakin 1917-ci il Fevral inqilabından sonra təhsilini yarımçıq qoymuşdur.
Hənəfi Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasında çalışmış, daha sonra Azərbaycan Pedaqoji İnstitutuna təyinat almışdır.