Icma.az
close
up
RU
Hənəfi Zeynallının “cinayəti” türklük sevdası idi

Hənəfi Zeynallının “cinayəti” türklük sevdası idi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk dünyasının məşhur türkoloqlarının 1 əsr əvvəl Bakıda toplanmış il məclisin fəal iştirakçılarından biri də istedadlı ədəbiyyatşünas, publisist Hənəfi Zeynallı olmuşdu. Bir çox qurultay nümayəndəsi kimi, o da 11 il sonra məşhur repressiyanın qurbanı kimi güllələnmişdi.

1895-ci ildə Bakıda nalbənd ailəsində dünyaya gələn Hənəfi Zeynallının uşaqlıq illəri yoxsulluq və çətinlik içində keçsə də o, təhsildən və maarifdən uzaqlaşmadı. Küçələrdə ayaqqabı silib qəzet satan bu azyaşlı oğlan mollaxanada aldığı dini və rus-tatar məktəbində dünyəvi təhsili sayəsində Azərbaycan elminin parlaq simalarından birinə çevrildi.

1916-cı ildə Bakıda fəaliyyət göstərən Orta Politexnik Məktəbini bitirmiş, elə həmin il müsabiqə yolu ilə İmperator Texniki Peşə Məktəbinə qəbul olunmuşdur. Lakin 1917-ci il Fevral inqilabından sonra təhsilini yarımçıq qoymuşdur.

Hənəfi Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasında çalışmış, daha sonra Azərbaycan Pedaqoji İnstitutuna təyinat almışdır. 1930-cu ildə dosent elmi adına layiq görülmüşdür.

1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının formalaşmasında fəal iştirak etmiş, burada baş redaktor vəzifəsini icra etmişdir. 1923–1931-ci illərdə “Azərnəşr”də fəaliyyəti dövründə “Kommunist”, “Maarif və Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Maarif işçisi” kimi mətbuat orqanları ilə sıx əməkdaşlıq etmiş, çoxsaylı ədəbi və publisistik məqalələrlə çıxış etmişdir.

1920-ci ilin yanvarında İstanbul Universitetinin hüquq fakültəsinə daxil olan Hənəfi Zeynallı, həmin ilin iyulunda Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bağlı partiya işlərinə cəlb olunmuş və Bakıya qayıtmışdır. Onu bolşevik ideyalara yaxınlaşdıran səbəb, əslində, sosial ədalət və milli tərəqqi arzusu idi. Hənəfi Zeynallı maarifçilik və ədəbiyyat sahəsində yorulmadan çalışmışdır. 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olsa da, elmi fəaliyyətini folklor və ədəbiyyatşünaslıq istiqamətində davam etdirmişdir.

1923-cü ildə “Azərnəşr”in yaradılmasında və Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Burada Ağız ədəbiyyatı komissiyasına rəhbərlik edən Hənəfi Zeynallı xalq ədəbiyyatının toplanması, sistemləşdirilməsi və nəşrinə böyük önəm vermiş, folklorun elmi əsaslarla tədqiqini qarşıya məqsəd qoymuş, Avropa metodlarını Azərbaycan elminə gətirməyə çalışmışdır. Onun “Azərbaycan atalar sözü və məsəlləri” (1926) əsərinə yazdığı ön söz, eləcə də “Türk ədəbiyyatı üzrə iş kitabı”, “Ədəbiyyat dərsləri”, “Ədəbiyyat müntəxabatı” kimi dərs vəsaitləri Azərbaycan folklorşünaslığının və ədəbiyyatşünaslığının təməl əsərləri sayılır.

Hənəfi Zeynallı 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın ən fəal iştirakçılarından biri olmuşdur. O, qurultayda yalnız iştirakçı kimi deyil, həm də türkoloji elmin aktual problemlərinə münasibət bildirən ciddi alim mövqeyi ilə çıxış etmişdir. Zeynallının məruzə və müzakirələrdə səsləndirdiyi fikirlər dövrün elmi-estetik və ideoloji axtarışlarını əks etdirməklə yanaşı, türk xalqlarının gələcək inkişaf istiqamətlərinə dair aydın konsepsiya təqdim edirdi.

Alimin qurultaydakı çıxışında əsas mövzulardan biri Azərbaycan folklorunun sistemli şəkildə toplanması və elmi prinsiplər əsasında tədqiqi məsələsi idi. O, folkloru xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dünyasının daşıyıcısı kimi qiymətləndirir, bu irsin təsadüfi deyil, planlı və metodoloji əsaslarla toplanmasının vacibliyini vurğulayırdı. Zeynallıya görə, folklor nümunələrinin yalnız toplanması deyil, onların janr, mövzu və motivlər üzrə təsnif olunması, müqayisəli şəkildə digər türk xalqlarının folkloru ilə öyrənilməsi türkoloji elmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı.

Hənəfi Zeynallı I Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və mənəvi birliyi yolunda dönüş nöqtəsi kimi dəyərləndirirdi. Onun çıxışlarında türklərin dil və mədəni inteqrasiyasına çağırış, ortaq elmi platformanın yaradılması ideyası açıq şəkildə hiss olunurdu. Məhz bu baxışlar Zeynallını dövrünün qabaqcıl türkoloqları sırasında tanıdır və onu yalnız Azərbaycan elmi mühitinin deyil, bütövlükdə türk dünyasının ziyalı simalarından biri kimi səciyyələndirirdi.

Stalin repressiyaları Hənəfi Zeynallının da ömür yolunu faciəvi şəkildə yarımçıq qoydu. 1929-cu ildən alim davamlı təqib və təzyiqlərə məruz qaldı. O, cümhuriyyətçi dairələrlə, xüsusilə Bəkir Çobanzadə, Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət ilə əlaqə saxlamaqda, elmi və ədəbi irsində guya əks-inqilabi və millətçi ideyaların yer almasında, eləcə də antisovet təşkilatın üzvü kimi fəaliyyət göstərməkdə ittiham edilirdi.

1937-ci il yanvarın 27-də həbs olunan alim ilkin mərhələdə bu iddiaların heç birini qəbul etməsə də, fevralın 24-də aparılan istintaq zamanı ona tətbiq olunan ağır və qeyri-insani işgəncələr nəticəsində saxta “etiraf” sənədinə imza atmağa məcbur edildi. Bu sənədlərdə onun guya əks-inqilabi ədəbiyyat yaydığı, gizli millətçi təşkilatın üzvü olduğu, bir sıra şəxsləri həmin quruma cəlb etdiyi və Azərbaycanın SSRİ-dən ayrılması ideyasını dəstəklədiyi yazılırdı.

İstintaq materiallarında Hənəfi Zeynallının “əks-inqilabi fəaliyyətə” Ruhulla Axundov tərəfindən cəlb olunduğu iddia edilirdi. Onun 1936-cı ilin sonlarından etibarən Bakıda və bölgələrdə gənclərin təşkilata cəlb olunması üçün göstərişlər aldığı qeyd edilirdi. Onun türk ziyalıları arasında guya terror, təxribat, casusluq və müharibə dövründə təslimçilik ruhu yaydığı iddia olunurdu. Bu “etirafların” hamısı yalnız fiziki və mənəvi işgəncələrin nəticəsi idi.

İnsan talelərini amansızcasına məhv edən Stalin repressiya maşını Azərbaycanın seçkin ziyalıları sırasında Hənəfi Zeynallını da öz qurbanına çevirdi. O, ən ağır cəzaya – güllələnməyə məhkum edildi və hökm 1937-ci il oktyabrın 13-də icra olundu.

Yalnız iyirmi il sonra, 1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 1937-ci ildə çıxarılmış hökm ləğv edildi. Görkəmli alim Hənəfi Baba oğlu Zeynallı ölümündən sonra bəraət aldı .

Hənəfi Zeynallının həyat yoldaşı Səyyarə Səttar qızı Zeynallı 1907-ci il oktyabrın 1-də Bakıda anadan olmuş, ali təhsil almışdır. Onların iki övladı - oğlu Azər (1930) və qızı Zemfira (1933) olmuşdur. 1937-ci ildə “vətən xaininin həyat yoldaşı” kimi həbs edilən Səyyarə Zeynallı 8 il müddətinə azadlıqdan məhrum edilmiş və sürgünə göndərilmişdir. Azadlığa çıxdıqdan sonra Zaqatalada yaşamış, 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin qərarı ilə tam bəraət almışdır.

Namiq QƏDİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:387
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri