Icma.az bildirir, Lent az portalına istinadən.
Aparılan yeni elmi araşdırmalar göstərib ki, təbii gün işığı yaşlı insanlarda qan şəkərinin səviyyəsinin azalmasına kömək edə bilər. Dəyişiklik böyük olmasa da, mütəxəssislər onu nəzərəçarpacaq hesab edirlər və bu təsirin arxasında duran səbəbləri izah ediblər.
Lent.az araşdırmanın detallarını təqdim edir.
II tip diabet zamanı qan şəkərinə nəzarət adətən düzgün qidalanma, fiziki aktivlik və dərman müalicəsinin birgə tətbiqini tələb edir. Lakin yeni araşdırmalar göstərir ki, həyat tərzində daha bir sadə amil bu prosesə müsbət təsir göstərə bilər. Söhbət pəncərə yanında, gün işığı alan məkanda vaxt keçirməkdən gedir.
Bu nəticə Cell Metabolism jurnalında dərc olunan kiçikhəcmli araşdırmadan əldə olunub. Tədqiqatda orta yaşı 70 olan, II tip diabetdən əziyyət çəkən 13 nəfər iştirak edib.
İştirakçılar günəşdən qoruyucu vasitələrdən istifadə etmədən 4,5 gün ərzində səhər saat 08:00-dan axşam 17:00-a qədər böyük pəncərələri olan, təbii işıq alan otaqda qalıblar. Bu müddətdə onlar həkimlərin təyin etdiyi adi dərmanları qəbul etməyə davam ediblər və qan şəkərinin səviyyəsini fasiləsiz ölçən cihazlar taxıblar.
Təcrübə necə aparılıb?İştirakçılar əsasən masa arxasında oturublar, telefon və kompüterlərdən isə aşağı parlaqlıq səviyyəsində istifadə ediblər. Axşam saatlarında zəif süni işıq altında olublar və saat 23:00-a qədər elektron cihazlardan istifadə edə biliblər. Daha sonra səhər 07:00-a qədər tam qaranlıq şəraitdə yatıblar.
Araşdırma müddətində hamı eyni qidalanma planına riayət edib. Gündə üç dəfə, bədən çəkisini sabit saxlamaq üçün hazırlanmış yeməklər qəbul olunub. Fiziki məşqlər də hər gün eyni vaxtlarda yerinə yetirilib.
Bir ay sonra alimlər iştirakçılardan eyni şərtlərlə, lakin pəncərəsiz və yalnız süni işıqlandırılan otaqda təcrübəni təkrar etmələrini xahiş ediblər.
Nəticələr nəyi göstərdi?Məlumatların təhlili göstərib ki, təbii işıq şəraitində aparılan təcrübə zamanı iştirakçıların qan şəkəri göstəriciləri vaxtın 50%-ində “sağlam” diapazonda olub. Süni işıqla aparılan mərhələdə isə bu göstərici cəmi 43% təşkil edib.
Alimlər qeyd edirlər ki, fərq böyük olmasa da, təbii işığın müsbət təsiri açıq şəkildə müşahidə olunur. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, qan şəkərinə təsir edən çoxsaylı digər amillər də mövcuddur və bu nəticə əsas müalicə üsullarını əvəz etmir.