Icma.az, Sherg.az saytına istinadən bildirir.
Alimlər müəyyən ediblər ki, insanların nəfəsalma tərzi hər kəs üçün özünəməxsusdur və bu xüsusiyyət gələcəkdə sağlamlıq problemlərinin aşkarlanmasında yeni diaqnostik vasitəyə çevrilə bilər.
Sherg.az xəbər verir ki, araşdırma zamanı tədqiqatçılar yalnız nəfəsalma nümunələrinə əsaslanaraq insanları 96,8 faiz dəqiqliklə müəyyənləşdirə biliblər. Məlum olub ki, nəfəsalma formaları insanın həm fiziki, həm də psixoloji vəziyyəti ilə sıx əlaqəlidir.
Tədqiqatın həmmüəllifi, neyrobioloq Noam Sobel bildirib ki, nəfəsalma prosesi beynin müxtəlif sahələri ilə koordinasiyalı şəkildə idarə olunur. Danışıq, hərəkət, emosiyalar və yaddaşla bağlı beyin bölgələri bu prosesdə iştirak edir.
Araşdırma çərçivəsində 100 sağlam könüllü 24 saat ərzində burun vasitəsilə nəfəs axınını ölçən xüsusi cihaz taxıb. Süni intellekt dəstəyi ilə aparılan analizlər hər bir insanın nəfəsalma modelinin unikal olduğunu göstərib.
Mütəxəssislər müəyyən ediblər ki, bəzi nəfəsalma xüsusiyyətləri bədən kütlə indeksi, yuxu rejimi, depressiya və narahatlıq səviyyəsi ilə əlaqəlidir. Məsələn, yüksək narahatlıq göstəricilərinə malik şəxslərdə yuxu zamanı daha qısa nəfəs dövrləri və nəfəslər arasındakı fasilələrin daha dəyişkən olduğu müşahidə edilib.
Alimlər hesab edirlər ki, gələcəkdə nəfəs analizləri müxtəlif xəstəliklərin erkən diaqnostikası üçün istifadə olunacaq. Onlar həmçinin nəfəsalma vərdişlərinin dəyişdirilməsinin beynin fəaliyyətinə və psixoloji vəziyyətə təsir göstərib-göstərmədiyini araşdırırlar.
Tədqiqat müəlliflərinin fikrincə, əgər müəyyən nəfəsalma formaları depressiya və ya narahatlıqla əlaqəlidirsə, xüsusi nəfəs texnikalarının öyrədilməsi bu problemlərin azaldılmasına kömək edəcək.