Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu yaxınlarda yolum Qarabağa düşmüşdü, Füzuliyə düşmüşdü, Şuşaya düşmüşdü, Xankəndinə düşmüşdü, Laçına düşmüşdü, Zəngilana düşmüşdü, Qubadlıya düşmüşdü, Cəbrayıla düşmüşdü. Və tək deyildim. Yanımda 40 illik dostum Arif qardaşım və bir də oğlum idi. Oğluma demişdim ki, nə vaxt vaxtım və imkanım olanda səni Qarabağa aparacam. Hərçənd ki mənim özüm də qarabağlıyam və tez-tez Bəhmənliyə gedirəm. Amma Füzuli şəhərinə rayon işğaldan azad olunandan sonra getməmişdim. Ən azından ona görə ki, kimlərsə məni ora gedəndə dəvət etmir, özüm də bir qədər tənbəllik edirdim. Axır ki şeytanın qılçını sındırdım və əzizlərimlə bir yerdə işğaldan azad olunmuş yurd-yuvamıza, elimizə-obamıza üz tutduq.
Oğlum Füzulini görəndə həm təəccübləndi, həm də sevindi. Dedi ki, ata, bu yanmış evlər hansı kəndlərdir? Onu da xatırladım ki, biz yeni salınmış Bəhmənli-Füzuli-Şuşa yolu ilə gedirdik. Üstəlik də bu yol ən müasir standartlara uyğun inşa edilib və hər cür infrastruktur mövcuddur. Ödənişli yol olduğu üçün bu yolda o qədər də nəqliyyat vasitəsi yox idi. Oğlumun sualına cavab verdim ki, o yanmış kəndlər Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədlidir. Avtomobilin pəncərəsindən çox həsrətlə oğlum o kəndlərə sarı boylandı. Amma uçuq, yanmış evlərdən, xarabalıqdan başqa heç nə görmədi. Gördüm ki, uşaq çox kövrəlib və hətta ağlamaq istəyirdi. Ona təsəlli olaraq dedim ki, düzdür, ermənilər yurd-yuvamızı tar-mar ediblər, apardıqlarını aparıblar, aparmadıqlarını bax, beləcə xarabalıqlara çeviriblər. Görürsən, o yerləri ot, kol-kos basıb.
Oğlum ikinci sualı verdi:
- Ata, yəqin orda minalar var, ona görə də insanları ora buraxmırlar. Biz ora gedə bilərik?
- Dedim ki, yox. Birincisi, biz magistral yolla hərəkət edirik, ikincisi də, həmin yerlər təhlükəli zona olduğu üçün heç kimi ora buraxmırlar. Amma darıxma, beş-on dəqiqədən sonra Füzuli şəhərinə çatacağıq.
Beş-on dəqiqə keçdi, artıq biz Füzuliyə çatdıq. Yeni tikilmiş binaları, sosial obyektləri və digər yaşayış evlərini görəndə oğlumun çöhrəsinə sevinc hopdu. Dedi ki, ata, Füzuli şəhərini nə gözəl tikiblər. Bir-birindən yaraşıqlı evlərə, asfalt yollara və digər tikililərə baxanda adamın ürəyi dağa dönür.
Bir xeyli Füzulidə dayanırıq, bulaqdan su içirik. Bumbuz sudu, belə su ancaq Qarabağda olar. Təzədən yolumuza davam edirik. Bir-birindən möhtəşəm doqquz tunel tikilib. Şuşaya qədər bu tunelin hamısından keçirik. Tunellərdə rəngarəng işıqlar göz oxşayır, üstəlik də ən müasir havalandırma sistemi mövcuddur. Orda bir sərinlik var ki, sanki dağ havasıdı. Gəlib o tunelləri keçəndən sonra Şuşaya çatırıq. Oğlum birinci deyir ki, mən Cıdır düzünə getmək istəyirəm. Çünki o Cıdır düzünü ömrüm boyu görməmişəm. Ancaq televizorda görmüşəm və bir də sənin söhbətlərindən eşitmişəm.
Bu da möhtəşəm Cıdır düzü. Yay olmasına baxmayaraq, yaşıl otlar adamın topuğuna qədərdi. Bura cənnətə bənzəyir. Hər tərəf yaşıllıqlar içindədir. Oğlum iki daşın arasında Arifə deyir ki, atamla mənim şəklimi çək. Arif şəklimizi çəkir. Sol tərəfdə bir səhnə qurublar, burda da çoxlu sayda gənclər, tələbələr var, ansambl da var. Bir müğənni «Qarabağ şikəstəsi» oxuyur. Elə bil ki Xanın səsi Cıdır düzünə yayılıb. Səpsərin, çox gözəl bir hava var. Bu havadan doyunca ciyərlərimizə çəkirik. Oğlum diqqətlə Cıdır düzündən qayalara baxır. Qayaların qoynundakı meşələrə diqqət yetirir. Bax, bu qayalarda, bu torpaqlarda, bu meşələrdə hər yanda bir şəhid qanı var. Hər yanda şəhidlərimizin 44 günlük İkinci Qarabağ savaşında qəhrəmancasına döyüşən əsgərlərimizin, qazilərimizin, qaliblərimizin ayaq izləri var.
Bir anlıq onların döyüş səhnələri gözüm önündə canlanır. Bu qayanı necə dırmaşıb Cıdır düzünə qalxmaları film kimi gözümün önündə canlanır. Hansısa bir Azərbaycan əsgəri əlini yelləyərək arxadan gələn igidlərimizi irəliyə səsləyir və onlar da bir-birinə söykənərək aslan kimi, pələng kimi yağı düşmənin üstünə yeriyir. Nə o yağı düşməndən qorxur, nə də ölümdən. Ölümün üstünə hər əsgər gedə bilməz, ancaq Azərbaycan əsgəri gedə bilər. Və 44 günlük böyük Qarabağ savaşında Azərbaycan əsgəri düşmənin üstünə getdi, onları it kimi gəbərtdi.
Arif dostum Laçınla Şuşanın arasında yeni inşa edilən yolu göstərərək deyir ki, bizim əsgərlər bax, bu yolda erməniləri mühasirəyə salmışdılar, iki yüzdən çox əsgərlərini, zabitlərini məhv etmişdilər. Bununla yanaşı, bu yolda onların çoxlu sayda tankları, ağır texnikaları Azərbaycan ordusu tərəfindən sıradan çıxarılmışdı.
İkinci Qarabağ savaşında Azərbaycan ordusu torpaqlarımızın azad olunması uğrunda 3 min şəhid verdi. Bu şəhid adi şəhidlər deyildi, 3 min aslan idi onlar. Onlar Şuşanı fəth etdilər, Hadrutu fəth etdilər, Füzulini fəth etdilər, Cəbrayılı, Zəngilanı, Qubadlını fəth etdilər. Sonra da bu igid oğulların qorxusundan ermənilər söz verdikləri vaxtda Laçını və Kəlbəcəri tərk etdilər. Bütün bunlar hamısı qüdrətli və güclü Azərbaycan ordusunun hesabına qazanıldı. O ordu ki, hamısı Ali Baş Komandan, prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və həmin Dəmir Yumruq erməni ordusunun başına necə endirildisə, onlar özlərini itirdilər, məhv oldular. Qaçan qaçdı, qaçmayan da öldürüldü.
Yenə o qayalara, o sıldırım yüksəkliklərə, qartalların qıy vurduğu zirvələrə baxıram. O zirvələrdə bu gün də qartallar gəzir. O qartallar 44 günlük İkinci Qarabağ savaşında böyük qələbə qazanmış şəhid oğullarımızın ruhlarıdır, qartala dönüb Qarabağımızda yüksəkliklərdə dolaşırlar. O dağlarda, o çiçəklərdə və o otlarda, o güllərdə şəhidlərimizin qanının ətri, qoxusu gəlir. Çünki onlar çiçək kimi, gül kimi, palıd, çinar kimi yenidən torpaqdan boylanırlar.