Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Moskvanın “Bodrost” hamamında əcnəbilərin saxlanmasının sərt üsulları miqrantların “hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməsi” ilə izah olunur.
“AzPolitika” xəbər verir ki, “RİA Novosti”-nin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyi reyd zamanı “həddindən artıq güc tətbiqi” ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri şərh edərkən bildirib."Mövcud məlumata görə, əməliyyat zamanı əcnəbi vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər.
Bu səbəbdən həmin əcnəbilərə qarşı müvafiq tədbirlər görülüb.
Eyni zamanda, təhlükəsizlik orqanlarımızın əməkdaşları Rusiya qanunvericiliyinə uyğun olaraq mövcud səlahiyyətləri çərçivəsində fəaliyyət göstəriblər", - Rusiya XİN-dən bildiriblər.
Lakin qeyd edək ki, videodan da göründüyü kimi, əsasən Qırğızıstan vətəndaşları olan şəxslər üst geyimsiz olublar və heç bir müqavimət göstərməyiblər.
Bu arada Qırğızıstanın ombudsmanı Cəmilə Camanbayeva rusiyalı həmkarı Tatyana Moskalkova ilə görüşündə qırğızlara qarşı “güc tətbiqinin qyeri-mütənasibliyi”ndən narahatlığını bildirib: "Video görüntülərə baxarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qırğızıstan vətəndaşlarının kütləvi şəkildə saxlanılması zamanı güc tətbiqinin mütənasibliyi və əsaslılığı ilə bağlı suallar yaranır.
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür".