Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyada “yonigeya” sıfırdan yeni həyata başlamaq və ya iz qoymadan qaçmaq istəyən insanlara kömək edən "gecə qaçış agentlikləri" anlamına gəlir. Bu təşkilat həyatlarından narazı olan insanlara pul müqabilində yeni bir həyat təklif edir. Onlar məişət zorakılığına məruz qalan gənc qızları, bədbəxt evli kişiləri və qadınları, borclarını ödəyə bilməyənləri, iş adamlarını, istədiyi təhsili ala bilməyənləri, aliment ödəyə bilməyənləri, şirkətlərini müflis edənləri, həmçinin cinayətkarları hədəf alırlar. Bu xidmətlər çərçivəsində şəxsin rəsmi qeydiyyatı, şəxsiyyət nömrəsi və digər dövlət məlumatları silinir. Beləcə 100 minlərlə insan yoxa çıxır, qeybə çəkilir.
İnsanların sosial təzyiq, utanc və ya şəxsi uğursuzluqlar səbəbilə həyatlarından izsiz şəkildə uzaqlaşmaq istəyi (məsələn, Yaponiyadakı “Johatsu” fenomeni) psixoloji baxımdan hansı daxili ehtiyac və ya travmalarla əlaqələndirilə bilər?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, bu sindrom cəmiyyətin və milli mental qaydaların basqısı nəticəsində formalaşır.
Aynur İsmayılova
“"Johatsu"” sindromu cəmiyyətin basqısı nəticəsində formalaşan bir fenomendir. Azərbaycanda bu hal müşahidə olunmur. Bu sindromdan əziyyət çəkən insanlar cəmiyyətin güclü sosial təzyiqi altında qalırlar və bu, məhz xalqa və dövlətin quruluşuna görə dəyişir. Yaponiyada onun geniş yayılmasının əsas səbəbi iş qanunlarının sərtliyi, maddi çətinliklər və “insan daim çalışmalıdır” prinsipi üzərində qurulan mentalitetdir. İnsanlar şəxsi prinsipləri ilə üz-üzə qaldıqda, istədiklərini həyata keçirə bilmədikdə və ya borc yükü altında sıxıldıqda bu sindrom daha da güclənir.
Yaponiyada işə həddindən artıq vaxt ayrılması, şəxsi həyata və istirahətə isə az diqqət göstərilməsi insanların psixoloji gərginliyini artırır. Həzzin və istirahətin azlığı, vaxtın düzgün bölünməməsi, maddi vəziyyətin pisləşməsi və borcların artması “Johatsu” fenomeninin yayılmasına səbəb olur. Bu sindrom təbii ki, öz-özünə yaranmır, cəmiyyətin və milli mental qaydaların basqısı nəticəsində formalaşır. İnsan psixologiyasında isə müəyyən hallarda özünü xilas etmə mexanizmi işə düşür və nəticədə insanlar mövcud həyatlarından tamamilə uzaqlaşmağa çalışırlar”.
Günel Həsənova, Bizimyol.info