Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaçmaz, 22 oktyabr, AZƏRTAC İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksion xəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Bu məqsədlə heyvan satışı məntəqələrində, əsasən də mal bazarlarında mexaniki təmizləmə və dezinfeksiya tədbirlərinə başlanılıb.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarında keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin əməkdaşları xüsusi texnikalar vasitəsilə ərazini dərmanlayıblar.
Profilaktik dezinfeksiya tədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbəri Rahib Abdullayev bildirib ki, respublikanın bütün heyvan satışı bazarlarında dezinfeksiya işləri mütəmadi aparılır: “Hazırda analoji prosesi Xaçmazdakı heyvan satışı bazarında həyata keçiririk.
Məqsəd bazara daxil olan heyvan və insanların dezinfensiya baryelərindən keçməsini təmin etməkdir. Hazırda bazarda dezobaryerlər qurulub.