Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hələ ötən əsrin 80-ci illərinin sonlarından cəmiyyətdə rus dilinin hegemonluğuna qarşı mübarizədə ana dilimizin saflığının qorunmasına ciddi səylər göstərilməyə başlanıb.
Mənəvi tələbat olan milli özünüdərkin bir qanadı da nitqimizin sovet dövründən dilimizə düşmüş rus sözlərindən təmizlənməsi, söhbətlərimizin ifadə qarışıqlığından yaranan hibrid danışıqdan arıtlanması olub.
Təəssüf ki, bu gün də ana dilimizdə danışarkən xeyli sayda rus sözlərini yerli-yersiz nitqimizə daxil edir, onu bir növ eybəcərləşdiririk.
Əlbəttə, qeyri millətlərdən olan həmyerlilərimiz bizim dildə danışırlarsa, buna sevinirik, amma özümüz öz dilimizdə səlis danışmağa, nədənsə, bəzən tənbəllik edirik.
Vaxtilə nitqinə yersiz olaraq bol-bol əcnəbi sözləri pərçim edənləri Mirzə Cəlil kinayə ilə “obrazovannılar” adlandırırdı.
Onun “Bakılılar” adlı felyetonundan bir misal: “uştellər çetıre çasaya kimi ispat eləmirlər”.
Etiraf edək ki, bu gün aramızda “obrazovannılar” yenə də çoxdur.