Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Günəşli payız günüdür. Paytaxtdan 175 kilometr aralıda yerləşən qədim Muğan diyarı – Biləsuvarda, sözün həqiqi mənasında, bayram ovqatı yaşanır. Təkcə Biləsuvardan deyil, Bakı, Şamaxı, Salyan, Neftçala və cənub bölgəsinin rayonlarından da insanlar axın-axın mərkəzi parka gəlirlər. Biləsuvarlılar adəti üzrə qonaqlara isti münasibət, qonaqpərvərlik göstərirlər. Üzlərdə sevinc, xoş təbəssüm görünür.
Şəhərin mərkəzi parkında Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı, Mədəniyyət, Gənclər və İdman Nazirlikləri, Dövlət Turizm Agentliyi və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə ənənəvi VI Hind Quşu-Mətbəx Festivalı keçirilir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın xalqımızın çoxəsrlik adət-ənənələrinin, milli mətbəximizin təbliği, eləcə də quşçuluğun inkişafı və rayonun turizm potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.
Milli Məclisin üzvlərindən Bəhruz Məhərrəmov, Günay Ağamalı, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Prezident İlham Əliyevin uğurlu siyasətindən, sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlərdən söhbət açaraq tədbirin təşkilini çox yüksək qiymətləndirdilər.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov il ərzində 30-a yaxın aqrobiznes festivalının keçirildiyini, belə tədbirlərin çoxlu sayda dövlət və özəl müəssisələri, fermerləri, məhsul istehsalçılarını bir araya gətirdiyini vurğuladı.
Festival iştirakçılarına hind quşundan hazırlanmış müxtəlif növ milli təamlar, Çin və özbək mətbəxindən nümunələr, hind quşunun amerikasayağı ləvəngisi təqdim olundu. Ocaq üstündə dəmlənən plov, sacda bişirilən yeməklər maraqla qarşılandı.
Ömrünün müdrik çağlarını yaşayan Saməddin Abbasov dedi ki, payız-qış aylarında hind quşunun əti daha dadlı, tamlı, ləzzətli olur. Biləsuvarda bu quşun ətindən hazırlanan kabab, bozartma, bozbaş, piti və digər yeməklər dadı, keyfiyyəti ilə fərqlənir.
Festival çərçivəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası da fəaliyyət göstərirdi. Fermerlər istehsal etdikləri hind quşu, meyvə-tərəvəz və digər məhsulları iştirakçılara təqdim etdilər, təcrübəli aşpazlar yemək reseptləri haqqında məlumat verdilər.
Masallıdan ailə üzvləri ilə gəlmiş Elnur Ağayev əvvəlki festivallarda da iştirak etdiyini, bu dəfə tədbirin daha yüksək səviyyədə hazırlandığını, uşaqlar üçün əyləncəli yerlərin də ayrıldığını bildirdi.
Xalq sənəti, xalça və kəlağayı nümunələri, milli geyimlər, bəzək əşyaları, rəssamlıq və əl işlərindən ibarət sərgilər, Basqal şirniyyatları iştirakçılarda maraq doğurdu. Astara rayonunun qocaman mədəniyyət işçisi Rüfət Rzayev həsirçilik sənətini nümayiş etdirdi, gənclərə həsir toxmağı öyrətdiyini dedi.
Sonra əyləncəli proqramlar təqdim olundu. Pəhləvanların və kəndirbazların çıxışları, at və dəvə belində gəzintilər, kənd həyatını əks etdirən alaçıqlar, retro maşınların sərgisi tədbirə xüsusi rəng qatdı.
Festivalda folklorumuzun zəngin nümunələri, Dağlıq Şirvan aşıqlarının, respublikanın istedadlı incəsənət ustalarından Əlikram Bayramov, Sivva Ağasiyeva, Şahanə Rzayeva və başqalarının biri-birindən gözəl çıxışları, milli rəqslər iştirakçılara xoş anlar yaşatdı.
Tədbirin fəal iştirakçılarına xüsusi mükafatlar təqdim olundu. Festival milli və xarici musiqi nümunələrinin səsləndirilməsi, rəqs kollektivlərinin çıxışları ilə davam etdi.
Ə.Həsənov,
XQ-nin bölgə müxbiri