Hindistan Aİ sazişi: Qlobal ticarətdə yeni geosiyasi balans axtarışı

27.01.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hindistanın Baş naziri Narendra Modi çərşənbə axşamı bildirib ki, Hindistan və Avropa İttifaqı uzun müddətdir gözlənilən tarixi ticarət razılaşmasını yekunlaşdırıblar. Hər iki tərəf ABŞ-la münasibətlərindəki gərginliyin qarşısını almağa çalışır. Uzun illərdir dalana dirənmiş ticarət danışıqlarının yekunlaşması təkcə iqtisadi deyil, həm də açıq geosiyasi məna daşıyır. Baş nazir Narendra Modinin “bütün sazişlərin anası” kimi təqdim etdiyi bu razılaşma, qlobal ticarət sisteminin sürətlə parçalandığı və proteksionizmin gücləndiyi bir mərhələdə Yeni Dehli və Brüsselin strateji seçimlərini ortaya qoyur.

Təxminən iyirmi il davam edən danışıqlardan sonra əldə olunan razılaşma Hindistanın indiyədək ciddi şəkildə qorunan daxili bazarını Avropa İttifaqının 27 üzv ölkəsi üçün açır. Bu addım Aİ-ni Hindistanın ən böyük ticarət tərəfdaşı statusunda daha da möhkəmləndirir, eyni zamanda, Hindistanın 1,4 milyardlıq bazarını Avropa kapitalı və texnologiyası üçün daha əlçatan edir. 2025-ci ilin martında başa çatan maliyyə ilində tərəflər arasında 136,5 milyard dollarlıq ticarət dövriyyəsi bu əməkdaşlığın artıq kifayət qədər dərin olduğunu göstərir.

Razılaşmanın siyasi çəkisi isə ABŞ ilə münasibətlər fonunda daha aydın görünür. Vaşinqtonun son illərdə müttəfiqlərə qarşı belə sərt tarif ritorikasına keçməsi, Donald Trampın ticarət və ərazi iddiaları ilə beynəlxalq sistemi sarsıtması Avropa və Asiya güclərini alternativ iqtisadi dayaqlar axtarmağa vadar edib. Hindistan–Aİ sazişi məhz bu qeyri-müəyyənlik şəraitində ABŞ-dan asılılığı azaltmaq cəhdinin bir hissəsi kimi oxunur. Təsadüfi deyil ki, Hindistan–ABŞ ticarət sazişi ötən il iki hökumət arasında yaranan siyasi gərginlik səbəbilə faktiki olaraq pozulmuşdu.

Yeni Dehli və Brüsselin yaxınlaşması paralel şəkildə digər regional razılaşmaların artması ilə müşayiət olunur. Avropa İttifaqının Merkosur, İndoneziya, Meksika və İsveçrə ilə, Hindistanın isə Böyük Britaniya, Yeni Zelandiya və Omanla sazişləri qlobal ticarətin çoxqütblü və bloklaşmış modelə keçdiyini göstərir. Bu kontekstdə Hindistan–Aİ razılaşması Qərb mərkəzli ticarət sistemindən daha çevik və çoxşaxəli strukturun formalaşdığını təsdiqləyir.

İqtisadi baxımdan saziş Hindistan üçün xüsusilə əmək tutumlu sektorların Avropa bazarına çıxışını asanlaşdıracaq. Keçmiş ticarət rəsmisi Ajay Srivastavanın da vurğuladığı kimi, tarif endirimləri ABŞ bazarında tətbiq edilən yüksək rüsumların mənfi təsirini qismən kompensasiya edə bilər. Eyni zamanda, Aİ məhsulları, xüsusilə avtomobil sənayesi Hindistan bazarında yüksək, bəzən 110 faizə çatan tariflərin azaldılması hesabına qiymət üstünlüyü qazanacaq.

Bununla belə, sazişin tam qüvvəyə minməsi vaxt tələb edir. Hüquqi yoxlama və ratifikasiya prosesinin beş-altı ay çəkəcəyi, real icranın isə təxminən bir il ərzində mümkün olacağı gözlənilir. Bu müddət tərəflərin siyasi iradəsinin davamlılığını və razılaşmanın daxili maraq qrupları qarşısında nə dərəcədə dayanıqlı olduğunu da sınağa çəkəcək.

Beləliklə, Hindistan–Avropa İttifaqı ticarət sazişi sırf iqtisadi sənəd deyil. O, qlobal güc balansının dəyişdiyi, ABŞ-ın daha qeyri-proqnozlaşdırılan aktora çevrildiyi bir dövrdə Yeni Dehli və Brüsselin öz strateji müstəqilliklərini gücləndirmək cəhdinin ifadəsidir. Bu razılaşma gələcək illərdə qlobal ticarət və geosiyasi rəqabətin hansı istiqamətdə inkişaf edəcəyinə dair mühüm siqnal kimi dəyərləndirilə bilər.

Səbuhi MƏMMƏDOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью