Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyada doğum sayının ölkələr üzrə bölgüsündə ciddi fərqlər yaranır.
Əhali artımının əsas ağırlığı Asiya və Afrika ölkələrinin üzərinə düşür. 2026-cı ildə ən çox doğumun Hindistanda qeydə alınacağı, Çinlə fərqin isə daha da böyüyəcəyi gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il Dünya Əhali Perspektivləri hesabatına əsaslanan proqnozlara görə, 2026-cı ildə dünyada təxminən 132,5 milyon körpə dünyaya gələcək.
Bunun 22 milyon 988 min 460-nın Hindistanın payına düşəcəyi gözlənilir. Çin üzrə isə 8 milyon 625 min 232 doğum proqnozlaşdırılır. Beləliklə, Hindistanda doğulanların sayı Çindən təxminən 2,7 dəfə çox olacaq.
Hindistanın illik doğum sayına görə Çini geridə qoyması yeni tendensiya deyil. BMT-nin tarixi məlumatlarına əsasən, 1974-cü ildə Çində 25,6 milyon, Hindistanda isə 23,3 milyon doğum qeydə alınıb. 1975-ci ildə isə Hindistanda doğum sayı 23,45 milyona yüksəlib, Çində 23,1 milyona düşüb.
Bununla da Hindistan illik doğum sayına görə liderliyi ələ keçirib. İki ölkə arasında doğum sayının fərqlənməsində əhali siyasəti və demoqrafik dəyişikliklər mühüm rol oynayır.
Çində 1970-ci illərdən tətbiq olunan ailə planlaşdırılması tədbirləri, xüsusilə 1980-ci ildə qüvvəyə minən “bir uşaq” siyasəti doğum səviyyəsinin azalmasına təsir göstərib. Hindistanda isə doğuş səviyyəsinin aşağı düşməsi daha uzun müddət ərzində baş verib. BMT məlumatlarına görə, Çində yeddi il ərzində müşahidə olunan doğuş səviyyəsinin azalmasının Hindistanda baş verməsi təxminən 35 il çəkib.
Çində əhalinin yaşlanması və aşağı doğum səviyyəsi yeni doğulanların sayını azaldan əsas amillərdəndir. Hindistanda isə gənc əhali təbəqəsinin geniş olması ölkənin illik doğum sayına görə liderliyini qorumasına imkan verir. Bu, iki ölkənin demoqrafik inkişafında fərqli istiqamətlərin formalaşdığını göstərir.
Hindistan və Çindən sonra doğum sayına görə Nigeriyanın üçüncü sırada qərarlaşacağı gözlənilir. 2026-cı ildə Nigeriyada 7,7 milyon, Pakistanda 6,9 milyon, Konqo Demokratik Respublikasında isə 4,6 milyon doğumun qeydə alınacağı proqnozlaşdırılır.
Göstəricilər dünya üzrə yeni nəslin əsasən Cənubi Asiya və Afrika ölkələrində formalaşdığını ortaya qoyur. Əhalinin yaş strukturu, doğum səviyyəsi və demoqrafik siyasətlər isə gələcək illərdə ölkələrin iqtisadi və sosial inkişafına təsir göstərə biləcək əsas amillər olaraq qalır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin