Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib.
Hindistan və Ermənistan KİV-də yer almış məlumata əsasən, iki ölkə arasında əldə olunmuş razılıq çərçivəsində, Ermənistana daha əvvəl dörd “Pinaka” batareyasının tədarükü həyata keçirilmişdir.
Belə ki, bu yaylım atəşli reaktiv sistemlərin Ermənistana göndərilməsi 2023-cü ilin iyulunda başlanılmış və 2024-cü ilin noyabrında yekunlaşıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Hindistan parlamentlərarası İşçi Qrupunun sədri Zaur Şükürov bildirib ki, Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) şirkəti tərəfindən Ermənistana ilk “Pinaka” idarə olunan raket sistemlərinin göndərilməsi Cənubi Qafqazda hərbi balans və təhlükəsizlik mühiti baxımından diqqətlə izlənməli hadisədir: “Pinaka” raket sistemləri əsasən operativ-taktiki səviyyədə tətbiq olunur və müxtəlif modifikasiyalarda 40–75 km, bəzi mənbələrə görə daha artıq məsafədə hədəfləri vura bilir.
Texniki baxımdan bu sistemlər Ermənistan ərazisindən Azərbaycanın sərhədyanı bölgələrində yerləşən hərbi obyektlər və infrastruktur üçün potensial risk yarada bilər.
Lakin real təhlükə səviyyəsi yalnız silahın mövcudluğu ilə deyil, onun sayına, yerləşdirilmə coğrafiyasına, idarəetmə və kəşfiyyat imkanları ilə inteqrasiyasına bağlıdır.
Bu baxımdan, perspektivdə Azərbaycanın ümumi hərbi üstünlüyünü fundamental şəkildə dəyişəcək faktor kimi qiymətləndirilə bilməz.