Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Almaniyada nasist Almaniyasının lideri Adolf Hitlerin keçmiş dağ iqamətgahı kimi tanınan “Qartal yuvası”nda (Kehlsteinhaus) güclü yanğın baş verib. Tarixi bina yanğın nəticəsində böyük ölçüdə dağılıb.
Lent.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Bavariya Alp dağlarında, 1834 metr yüksəklikdə yerləşən Berxtesqaden bölgəsində qeydə alınıb.
Məlumata görə, yerli vaxtla saat 21:15-də binanın tüstü detektoru işə düşüb və müvafiq xidmətlərə həyəcan siqnalı daxil olub. Yanğınsöndürənlər hadisə yerinə çatanda tarixi bina artıq tamamilə alova bürünüb. Yanğının söndürülməsinə təxminən 200 nəfərdən ibarət yanğınsöndürmə və xilasetmə heyəti cəlb olunub.
İqamətgahın dağlıq ərazidə və böyük yüksəklikdə yerləşməsi əməliyyatı xeyli çətinləşdirib. Güclü tüstü səbəbindən xilasedicilər xüsusi tənəffüs aparatlarından istifadə etməli olublar.
Yanğın gecə saatlarında da davam edib. Həmin vaxt dağın zirvəsində qar yağmasına baxmayaraq, alovun yayılmasının qarşısını almaq çətin olub. Təhlükəsizlik məqsədilə iqamətgaha aparan avtomobil yolu müvəqqəti bağlanıb. Polisin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı binanın içərisində heç kim aşkarlanmayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar bir nəfəri saxlayıblar. Almaniya mediasının məlumatına görə, saxlanılan şəxs yanğın yerinə aparan yolda rast gəlinən motosikletçidir. İstintaq yanğının qəsdən törədilməsi ehtimalını araşdırır. Traunşteyn Prokurorluğu saxlanılan şəxsin hadisə ilə əlaqəli ola biləcəyinə dair ciddi əlamətlərin olduğunu bildirib.
Qeyd edək ki, “Qartal yuvası” 1937–1938-ci illərdə nasist rəhbərliyi üçün nümayəndəlik iqamətgahı kimi inşa olunub. Hitlerlə əlaqələndirilməsinə baxmayaraq, onun bu iqamətgaha nadir hallarda baş çəkdiyi bildirilir.
Bina İkinci Dünya müharibəsi zamanı dağıntılardan xilas olub. 1952-ci ildən etibarən isə turistlərin ziyarət etdiyi məkan kimi fəaliyyət göstərib. Burada restoran və nasist dövrünün tarixinə həsr olunmuş ekspozisiya yerləşib.
Almaniya mediasının oktyabrın 24-də yaydığı son məlumatlara görə, yanğın binanı demək olar ki, tamamilə məhv edib, dam örtüyünün bir hissəsi çöküb. İlkin hesablamalara əsasən, maddi ziyan milyonlarla avro təşkil edir.