Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanla Türkiyəni birləşdirən ortaq dil, tarix, mədəniyyət, adət-ənənələr Iğdırda sevgi ilə yaşadılır”.
Bu barədə “Qafqazinfo”ya danışan Iğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar bildirib ki, bu dərnəyin qurulmasında əsas məqsəd Azərbaycan türkünün öz tarixini, adət-ənənələrini, dəyərlərini unutmamasıdır.
“Mən 1980-ci illərdə Iğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinə rəhbərlik etmişəm. 20 Yanvar, Xocalı soyqırımı, Ulu Öndər Heydər Əliyevin anım günləri, Azərbaycanın digər önəmli günləri, 28 May - Müstəqillik Günü və s. barədə məlumatları dərnəyimizdə insanlara çatdırırdıq. Mən həmçinin yazıçıyam, 27 kitabım var. Bu kitabların hamısı Azərbaycan mədəniyyəti ilə bağlıdır. Eyni zamanda ən sonuncu - “Her yönü ile Iğdır” kitabım çıxdı. Burada Azərbaycan türklərinin doğumundan ölümünə qədər adət-ənənəsi, yaşayış tərzindən danışmışam.
2021-ci ildə isə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Iğdır-Azərbaycan Evini açdıq. Bu dəstəklə fəaliyyətlərimiz daha da gücləndi. Burada bizim Azərbaycan dili, tar və Azərbaycan rəqsləri kursumuz var. Bunun üçün Bakıdan və Naxçıvan Dövlət Universitetindən kadrlar gətiririk”.
Ziya Zakir Acar qeyd edib ki, növbəti ay bu bölgənin Azərbaycan gənclərini toplayıb tədbir təşkil edəcək: “Arazın o tayına və dünyanın müxtəlif yerlərinə gedən azərbaycanlılar var. Mən onların nəvələrini tapmışam, danışmışam. Onlar çox önəmli sahələrdə işləyirlər. Mən həmin şəxslərlə danışanda deyirlər ki, “hə, atam belə deyirdi, xatırlayıram”. Gələn ay 500 nəfərə yaxın azərbaycanlı gənci toplayacağıq və “Dünya Azərbaycan Gənclərinin Toplanışı” adlı tədbiri keçirəcəyik.
Iğdır-Azərbaycan Evində hər kəs azərbaycanca danışır. Burada kürdlər və digər etnik xalqlar yaşayır. Onlar birinci Azərbaycan dilini öyrənirlər. Birinci bizim dili öyrənib sonra rəsmi dilə baxırlar”.
Ziya Zakir Acar bu ilin yanvar ayında Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasından da söz açıb: “Biz buradakı fəaliyyətimizi heç bir qarşılıq, təmənna gözləmədən həyata keçirmişik. Biz bir neçə dəfə həm Prezident, həm də Diaspor Komitəsi tərəfindən medallara layiq görülmüşük. Amma “Dostluq” ordeni ilə təltif olunduğumuzu eşidəndə böyük qürur hissi keçirdik. Bu bizə daha çox məsuliyyət yüklədi. Təbii ki, aldığım təltiflərin içində mənim üçün ən böyüyü bu oldu”.
Qeyd edək ki, türkiyəli şair, yazıçı, tədqiqatçı, publisist və təhsil işçisi Ziya Zakir Acar 1954-cü ildə Iğdır bölgəsinin Çavuşbahçe (Ağaver) kəndində anadan olub.
Onun ictimai və elmi-mədəni fəaliyyətində Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı, Azərbaycan mədəniyyətinin və Türk dünyasının ortaq dəyərlərinin təbliği xüsusi yer tutur.
Nuranə Daxilqızı