Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda iki nəfərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu mənimsəyən Zaur Mövlamovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin məhkəməyə təqdim etdiyi mülki iddia icraata götürülüb Daha sonra prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
İttihama görə, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Musa Əliyevə tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib.
Ona məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə eldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib.
Daha sonra Musa Əliyevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 110 340 manat pulunu alıb. Vədinə əməl etməyərək həmin məbləği ələ keçirib.
Araşdırmalarla məlum olub ki, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə onun əmlakını ələ keçirmək məqsədilə özünü Rasim Aslanova tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib.
Rasim Aslanova məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verərək Rasim Əliyevdən 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2 430 490 manat alaraq dələduzluq yolu ilə ələ keçirib.