525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İmran VERDİYEV Əməkdar müəllim Mənbələrdən belə məlum olur ki, Miskin Abdal sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması üçün bir müddət Şirvanda və Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində də fəaliyyət göstərib.
Filologiya elmləri doktoru, professor M.Allahmanlının "Səfəvilərin böyük ideoloqu Miskin Abdal" məqaləsində göstərilir ki, "Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə diplomatik missiyasını başa vurub, geri qayıdarkən Dağıstan (Qafqaz) dağlarında ailəsi ilə birlikdə güclü borana düşür.
Boranda özü, arvadı Həlimə, böyük oğlu Şadman, qızı Məleykə xilas olsalar da, kiçik yaşlı oğlanları Həsən və Əli bu köçün qurbanı olurlar".
Bəs hadisə harada, hansı şəraitdə və necə baş verib? Onlar "Dağıstan dağlarında" (Qafqaz dağlarında - İ.V.) haradan gəlib, haraya gedirlərmi
Hörmətli oxucum, zənn edirəm ki, bunlar sizə də maraqlıdır. Amma gəlin tələsməyək.
Əvvəlcə qısaca olaraq əfsanəvi Miskin Abdalı bir daha yada salaq.
1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olmuş, tarixdə "Miskin Abdal" kimi tanınmış, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu şəxsiyyət Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, "Qeyb Ərəni", üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazisində (Qüdsdə) müsəlmanların 2-ci məscidi sayılan "Əl-Əqsa"da böyük sufi mürşidi, övliya, pirani ustad kimi şöhrət tapmış, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, mistik, metafizik qüdrət və kəramət sahibi olmuşdur.