Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan İcmasında (QAİ) dekabrın 5-6-da “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı noyabrın 28-də mətbuat konfransı təşkil olunub.
SİA xəbər verir ki, tədbirdə müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə keçirilən mətbuat konfransında əvvəlcə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib.
O, İcmanın fəaliyyət prinsiplərindən danışaraq bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımızın etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qaldıqlarını xatırladan İcma sədri deyib ki, son deportasiya 1987-1991-ci illərdə həyata keçirilib.
Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar.
“Çox sevinirik ki, Qarabağ Zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq məsələsi ön plana çıxarıldı.
İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini beynəlxalq aləmə çıxara bildik.