Icma.az bildirir, Bizimyol portalına istinadən.
Sənədlər iqtisadiyyat, energetika, nəqliyyat, kibertəhlükəsizlik, maliyyə bazarları və şəhərlərarası qardaşlaşma kimi geniş sahələri əhatə edir. Bu əməkdaşlıq Türk dünyasında inteqrasiyanın dərinləşməsi və regional əlaqələrin güclənməsi baxımından mühüm geosiyasi əhəmiyyət daşıyır.
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Türk Dövlətləri Təşkilatının gələcəkdə siyasi və iqtisadi birlik modelinə çevrilməsi üçün hansı yeni imkanları və çağırışları yarada bilər? Və ölkələrarası münasibətlərin bu səviyyəyə yüksəlməsi Türk dünyasında ortaq təhlükəsizlik, nəqliyyat və enerji siyasətinin formalaşmasına necə təsir göstərə bilər?Milli Məclisin deputatı Musa Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bir neçə il əvvəl söylədiyi “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” kəlamı artıq siyasi aforizmə çevrilib və həyatda da öz təsdiqini tapmaqdadır. Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni səviyyəyə qalxması, Prezident İlham Əliyevin Qırğızıstana səfəri, Azərbaycanın Mərkəzi Asiya respublikalarının qeyri-rəsmi Məşvərət Toplantısında iştirakı, həmçinin Qırğızıstanla Azərbaycan arasında yeni sənədlərin imzalanması bunun əyani göstəricisidir.
Deputatın fikrincə, bu münasibətlər artıq strateji əməkdaşlıq səviyyəsindən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlir. Bu, həm Azərbaycan, həm də Qırğızıstan üçün böyük tarixi nailiyyətdir və münasibətlərimizin bundan sonra da artan xətt üzrə inkişaf etməsində, daha yüksək platformaya yüksəlməsində mühüm rol oynayacaq.
“Ümumiyyətlə, son beş ildə Azərbaycan və Qırğızıstan rəhbərləri arasında 13-dən çox görüş keçirilib və bu səfər artıq onların 14-cü rəsmi görüşüdür. Bu görüşlərin və səfərlərin hər birində tarixi əhəmiyyətli sənədlər imzalanıb, mühüm layihələr və fəaliyyətlər həyata keçirilib.
Azərbaycan və Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması dövlət siyasətlərinin əlaqələndirilməsi və inteqrasiyası baxımından çox böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Hökumətlərarası Komissiyanın yaradılması, onun iclaslarının həm Bakıda, həm də Bişkekdə keçirilməsi iqtisadi və humanitar əlaqələrimizin möhkəmlənməsinə ciddi təsir göstərib.
Qırğızıstanın paytaxtı Bişkekdə böyük şairimiz Nizami Gəncəvinin və ulu öndər Heydər Əliyevin adını daşıyan məktəblərin açılması, Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılması, eləcə də yaxın günlərdə açılışını görəcəyimiz və qeyd edəcəyimiz İssık-Kul gölü sahilində Azərbaycan tərəfindən inşa edilmiş böyük hotel kompleksinin istifadəyə verilməsi münasibətlərimizin humanitar və iqtisadi əsaslarını daha da gücləndirir.
Bununla yanaşı, Qırğızıstan tərəfindən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin tikilməsi, türk xalqlarının böyük yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun Bakıda abidəsinin ucaldılması, onun adına küçənin verilməsi, şəhərlərimiz arasında qardaşlaşma münasibətlərinin qurulması Azərbaycan–Qırğızıstan əlaqələrini daha da möhkəmləndirir və onları yeni mərhələyə daşıyır”, – deyə deputat bildirib.
Musa Quliyev xatırladıb ki, Azərbaycan və Qırğızıstan arasında birbaşa hava nəqliyyatı əlaqəsinin açılması, həmçinin Orta Dəhliz layihəsinə Qırğızıstanın qoşulması iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Xəzər dənizinə qədər uzanması və sonradan Orta Dəhlizə inteqrasiya olunması Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə nəqliyyat, logistika və ticarət əlaqələrini daha yüksək səviyyəyə qaldıracaq.
“Bütövlükdə götürdükdə, Azərbaycan–Qırğızıstan münasibətləri Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun səyləri nəticəsində ən yüksək mərhələyə yüksəlib. Bu münasibətlər həm humanitar və mədəni, həm iqtisadi, həm də siyasi platformalarda öz əksini tapır.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan parlamentləri arasında dostluq və əməkdaşlıq münasibətləri də kifayət qədər zəngin və yüksək səviyyədədir. Bir çox beynəlxalq platformalarda biz bir-birimizi qarşılıqlı şəkildə dəstəkləyirik. İstər Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın Qırğızıstana səfərləri, istərsə də Qırğızıstan Joqorku Keneşinin rəhbərliyinin Azərbaycana səfərləri, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və keçirilən qarşılıqlı görüşlər xalqlarımız arasında tarixi dostluq münasibətlərinin müasir dövrdə də uğurla davam etdiyini göstərir”, – deyə o əlavə edib.
Deputatın fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki qardaş ölkə üçün deyil, bütövlükdə Türk dünyasının gələcək siyasi, iqtisadi, nəqliyyat və mədəni inteqrasiyası baxımından mühüm strateji əhəmiyyət daşıyan tarixi hadisədir.
İradə Cəlil, Bizimyol.info