Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
105 il əvvəl işıq üzü görmüş bu nəşr günümüzə “Şəfəq” adı ilə çatıb
Azərbaycan Xalq Cümhuriyyətini varlığına son qoymuş bolşeviklər milli yaddaşı unutdurmaq üçün ideoloji təbliğata xüsusi önəm verirdilər. Bu niyyətlə nəinki paytaxt Bakıda, bölgələrdə də yeni qəzetlərin nəşr olunmasına və geniş yayılmasına çalışırdılar. 1921-ci ilin aprelindən başlayaraq Qubada “Əxbari” adlı qəzet işıq üzü görüb. Bu nəşr Azərbaycanda ilk bölgə qəzeti sayılır.
“Əxbari” bir müddət “Yeni dirilik” və “Kollektivləşmmə yolu”, sonra isə uzun illər “Şəfəq” və “Qızıl Quba”, nəhayət, 1995-ci ildən “Şəfəq” adı ilə nəşr olunub. Araşdırmalara görə, “Şəfəq”in sələfi sayılan “Əxbari”nin (ərəb dilindən tərcüməsi “Xəbərlər” deməkdir) 16 nömrəsi dərc olunub.
“Şəfəq”in baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov qeyd etdi ki, qəzetin əməkdaşları mətbuat tariximizin araşdırmaçıları ilə birlikdə xeyli vaxtdır “Əxbari”nin hər hansı bir sayının arxivlərdən aşkar edilməsi üçün ciddi səy göstərirdilər. Tanınmış qubalı jurnalist Qvami Məhəbbətoğlu da bu istiqamətdə könüllü olaraq çox çalışıb. Nəhayət, səylər öz bəhrəsini verib. Belə ki, bu yaxınlarda “Əxbari”inin 16-cı sayını əldə etmək mümkün olub.
Məlumat üçün bildirək ki, “Əxbari”nin 105 il əvvəl Qubadakı yerli mətbəədə əski əlifba ilə nəşr olunan həmin nömrəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində aşkar edilib. Axtarışların uğurla başa çatdırılmasına M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları da yardımçı olublar. Qəhrəman müəllim adları çəkilən hər iki təşkilatın rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığını bildirərək dedi:
– “Əxbari”nin 16-cı sayı əldə edildikdən sonra media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə bu barədə ətraflı məlumatlar verilir. Mətbuat araşdırmaçıları bu istiqamətdə işləri davam etdirirlər.
Yeri gəlmişkən, “Azərbaycan Sovet Ensiklopediyası”nın 1980-ci ildə nəşr olunan 4-cü cildində “Əxbari”nin cəmi 16 sayının nəşr olunduğu qeyd edilib. Tarixi mənbələrdə həmçinin bildirilir ki, qəzet ilk dəfə 1921-ci il aprelin 25-də Quba Qəzasının İnqilab Komitəsinin orqanı olaraq geniş oxucu kütləsinin görüşünə gəlib.
“Əxbari”nin ilk müxbirlərindən biri Qubanın Xaltan kənd sakini Mütəllib Əfəndiyev olub. Mütəllib kişi həyatda uzun ömür yaşayıb. Onun 1980-ci illərdə “Şəfəq”də dərc olunan xatirələrində bildirilir ki, ilk bölgə qəzetinin fəaliyyətə başlaması münasibətilə həmin ərəfədə Quba şəhərindəki fəhlə-kəndli klubunda geniş yığıncaq keçirilib. Toplantıda qəzetin redaktoru vəzifəsinə Quba Qəza Partiya Komitəsinin təbliğat şöbəsinin müdiri Hüseynağa Məmmədbəyli seçilib. Məsul katibin vəzifə səlahiyyətlərini Əsgər Fərəczadə öz üzərinə götürüb. Mütəllib Əfəndiyevin sözlərinə görə, yeni qəzetə ad verilməsi də geniş müzakirələrə səbəb olub. Bir çox təkliflər irəli sürülüb, nəhayət, yeni qəzeti “Əxbari” adlandırmaq qərarına gəlinib.
Bəzi mənbələrdə “Şəfəq”in sələfinin adı səhv olaraq “Əxbari” əvəzinə “Əxbar” kimi qeyd olunur. Qəhrəman Qasımov sonra bildirdi ki, qəzetin 16-cı sayı 1922-ci il oktyabrın 30-da işıq üzü görüb. Həmin nəşr 4 səhifədən ibarətdir. “Əxbari”nin loqotipinin sol tərəfində “Kəndli-fəhlə həyatına dair məqalələr məmnuniyyətlə qəbul olunur”, sağ tərəfində isə “Quba Qəza İcraiyyə və Firqə Komitələri” sözləri yazılıb.
“Əxbari”nin həmin nömrəsinin birinci səhifəsindəki ilk məqalə Qubada meyvəçiliyin inkişafına həsr edilib. Yazı bu sözlərlə başlayır: “Quba qəzasının təbii sərvətləri içərisində meyvəçilik 1-ci yerdədir. Belə ki, əhalinin çoxu əsasən alma bağları becərməklə məşğul olur. Məhsulun xeyli hissəsi Rusiya şəhərlərinə göndərilir”.
Qəzetin 2-ci səhifəsində “Firqə xəbərləri”, “Teleqraf xəbərləri”, 3-cü səhifəndə “Çıxarılan qərarlar”, “Firqə həyatı”, 4-cü səhifədə isə “Quba xəbərləri”, “Gənclər sütunu” və sair rubrikalar altında müxtəlif səpkili materiallar yer alıb. Məsələn, “Quba xəbərləri” rubrikası ilə 12 xəbər (“İcraiyyə komitəsində”, “Quba maarif işləri”, “18 milyard pul”, “Təlim işləri”, “Kitabxana üçün kitablar”, “İkinci dərəcəli məktəb”, “Sənət məktəbi”, “Məktəblərin təmiri”, “Quba mətbəəsi”, “Təbliğat və nəşriyyat”, “Təlim əşyaları mağazası”, “Təlim işləri” və s. informasiyalar yer alıb.
Bakı Dövlət Universitetinin milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Əxbari”nin 16-cı nüsxəsinin tapılması faktını yüksək dəyərləndirib. Onun fikrincə, mətbuatımızın keçmişinə işıq salan hər bir fakt o dövrün reallıqlarını dərindən araşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir və istiqamətdə səyləri bundan sonra da davam etdirmək vacibdir.
Məsaim ABDULLAYEV
XQ