Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qrafiklərə əsasən, bu il mart ayının 2-si və 9-da 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək.
Bu tarixlər həm abituriyentlər, həm də onların valideynləri üçün önəmli dönəmi əhatə edir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, imtahanın vaxtının mart ayına təyin edilməsi abituriyentlərə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq üçün əlavə vaxt qazanmaq imkanı yaratsa da, onların buraxılış imtahanına qədər mövcud proqramı tam mənimsəmələrini tələb edir.
Ekspertin sözlərinə görə, əvvəlki illərin təcrübəsinə əsasən, şagirdlərin hazırlıq səviyyəsi, imtahan suallarının məzmunu və DİM-in tətbiq etdiyi yeniliklər nəticələrin formalaşmasında mühüm rol oynayacaq: "Ötən il buraxılış imtahanlarında 30 bal toplayan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə yüksək idi.
Statistikaya əsasən, 2023-cü ildə I-IV qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 2500-ə yaxın olmuşdu ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır.
Bu artımın səbəblərindən biri sualların məzmununun müəyyən qədər sadələşdirilməsi, pandemiyadan sonra şagirdlərin hazırlıq üçün daha çox vaxt tapması və distant təhsilin yaratdığı boşluqları qismən doldura bilməsidir.
Ancaq bu il gözləntilər daha fərqlidir. Builki 11-ci sinif şagirdləri iki il əvvəl, 9-cu sinifdə oxuyarkən buraxılış imtahanı veriblər.