525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan "İnam" verilişi Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə sabah 27 sentyabr Anım Günü ilə əlaqədar iki saatlıq canlı efirdə olacaq. "Space" televiziyasının dəstəyi ilə saat 17:00-da ialhiyyatçıların iştirakı ilə baş tutacaq verilişdə Ümummilli lider Heydər Əliyevin, müqəddəs Vətən şəhidlərinin əziz ruhları üçün Quran xətmi həyata keçiriləcək.
Xətm edilən Quranı Qarabağ qazisi, Quran hafizi, Müşfiqabad kəndinin imam müavini Sadiq Məmmədov oxuyacaq. Xətm edilən Quranın isə sonuncu duasını Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli həyata keçirəcək.
Qeyd edək ki, “ İnam” verilişi bu Anım Günü münasibətilə saat 12:00-da Space Radio - 104 FM-də canlı olaraq yayımlanım.
Bu müqəddəs şəhidlərin ruhuna ehtiram, ailələrinin qəlbinə ən böyük təsəllidir. Şəhidlər üçün edilən dualar, onların ruhlarının rahatlığı və nur içində olmaları üçün dərin mənəvi əhəmiyyət daşıyır.
"Space" televiziyası 27 sentyabr Anım Günündə "İnam" verilişinə efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş olur. Space TV uzun illərdir öz efir siyasətində cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına, dini və milli irsin təbliğinə, tolerantlıq və multikulturalizm ideyalarının təşviqinə diqqət ayıran televiziya kanallarından biri kimi çıxış edir. Kanalın rəhbərliyinin bu məsələlərə həssas yanaşması, dövlətin din siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması baxımından əhəmiyyətli rol oynayır.
Dövlət-din münasibətləri yalnız hüquqi və institusional məsələlərdən ibarət deyil. Bu münasibətlərin cəmiyyət tərəfindən düzgün anlaşılması, dini dəyərlərin sağlam şəkildə təbliği və radikal yanaşmaların qarşısının alınması istiqamətində maarifləndirmə də xüsusi əhəmiyyət daşıyır. Televiziya məhz geniş auditoriyaya çıxış imkanına görə bu prosesdə təsirli vasitələrdən biridir.
Space TV-nin efirində dini-mənəvi mövzulara, müqəddəs günlərə və milli-mənəvi dəyərlərə yer verilməsi tamaşaçılarda mənəvi irsə bağlılığın gücləndirilməsinə xidmət edir. Xüsusilə dini bayramlar və əlamətdar günlərlə bağlı hazırlanan verilişlər cəmiyyətin müxtəlif təbəqələrinə ünvanlanan maarifləndirici məzmun formalaşdırır.
Azərbaycanın dövlət-din modelinin əsas xüsusiyyətlərindən biri dünyəvilik prinsiplərinə sadiqliklə yanaşı, insanların dini etiqad azadlığının təmin olunmasıdır. Bu balansın qorunması cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə şərait yaradır. Media qurumlarının bu yanaşmanı düzgün və obyektiv şəkildə təqdim etməsi isə ictimai maarifləndirmə baxımından olduqca vacibdir.
Bu mənada Space TV və kanal rəhbərliyinin dövlət-din münasibətlərinin inkişafına, dini-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin yaşadılmasına göstərdiyi diqqət təqdirəlayiqdir. Belə yanaşma həm dövlət siyasətinin ictimaiyyətə çatdırılmasına, həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verir.
Seyid Camal Əzimbəyli bildirib ki, Vətənin azadlığı, bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlər xalqımızın milli qüruru, əyilməz iradəsinin, azadlıq əzminin rəmzidir. Onlar öz qanları ilə tarix yazmış, torpağa can verərək millətə can olmuş igidlərdir. Şəhidlərimizi yad etmək, onların ruhlarını əziz tutmaq, yalnız bir vətəndaşlıq borcu deyil - həm də mənəvi, vicdani və insani bir məsuliyyətdir. Şəhidlərin ruhuna edilən dualar sadəcə dini bir ibadət deyil, eyni zamanda onların əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə örnək göstərilməsi baxımından da mühüm yer tutur. “İnam” verilişinin əsas məqsədlərindən biri Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. Valideynlərin əksəriyyəti övladlarının "İnam" verilişinə baxdıqdan sonra şəhidliyə, vətənə cani-könüldən daha da bağlı olduqlarını söyləyirlər”.
“İnam” Azərbaycan televiziyasında dini veriliş sahəsində önəmli bir nümunədir. Bu veriliş Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini hər zaman uca tutur. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna ehtiramla yanaşır, onların göstərdiyi igidliyi, fədakarlığı və vətənə olan sədaqətini cəmiyyətə çatdırır. Veriliş boyu edilən dualar, oxunan ayələr və səsləndirilən fikirlər xalqımızın şəhidlərə olan sevgisini və minnətdarlığını ifadə edir. Şəhidlərin ruhuna edilən dualar vasitəsilə onların müqəddəs xatirəsi yad edilir, ailələrinə mənəvi dəstək göstərilir. Bu veriliş, sadəcə dini bir proqram olmaqdan kənar, həm də vətənpərvərliyin, mənəviyyatın və milli yaddaşın canlı ifadəsi kimi çıxış edir. "İnam" şəhidlərə edilən dualarla onların ruhuna nur bəxş edir, xalqın şəhidlərinə olan sədaqətini nümayiş etdirir.
Xatırladaq ki, “İnam”ın hər bir verilişində olduğu kimi Ramazan verilişində də şəhidlərin ruhuna dualar oxunur. Hər il yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər.
Sevinc Qarayeva