Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hava soyuduqca yoluxucu xəstəliklərin artması, hər il olduğu kimi, yenə də müşahidə olunur. Temperatur aşağı endikcə gəmiricilər istilik axtarışına çıxır və yaşayış binalarının zirzəmilərinə, təsərrüfat tikililərinə, eləcə də qış sığınacağı kimi istifadə etdikləri bağ evlərinə soxulurlar. Bu gəmiricilərlə birlikdə insanların olduğu məkanlara təhlükəli infeksiyaların törədiciləri də daxil ola bilər. Belə virusların yaratdığı xəstəliklərdən biri də “siçan qızdırması” kimi tanınan, böyrək sindromlu hemorragik qızdırmadır (BSHQ).
Artıq Rusiyada bu qızdırmaya yoluxma qeydə alınıb. Statistikaya görə, ilin əvvəlindən bəri Rusiya Federasiyasında BSHQ-nin kütləvi yayılma halları – epidemik alovlanmalar qeydə alınmasa da, xəstələnmə səviyyəsi uzunmüddətli orta göstəricilər çərçivəsində qalır. Ölkədə bu infeksiya ilə bağlı epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.
Ölkədə hər il orta hesabla bu infeksiyaya yoluxma ilə bağlı təxminən, 3000–3500 hal qeydə alınır. Azərbaycanda bu xəstəliklə bağlı müraciət olmasa da, ehtiyatlı olmaqda fayda var. Çünki Rusiya ən yaxın qonşumuz və insanlarımızın daha tez-tez səfər etdikləri ölkədir.
Bəs niyə “siçan qızdırması”?
Böyrək sindromlu hemorragik qızdırma klassik zoonoz virus infeksiyasıdır. Yəni heyvanlar, haqqında söhbət gedən “siçan qızdırması” xəstəliyində isə gəmiricilər vasitəsilə insanlara keçən xəstəlikdir.
Rusiyanın Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin (MDM) aparıcı mütəxəssisi Mixail Lebedevin izah etdiyi kimi, bu, gəmiricilərdən yoluxa biləcək ən geniş yayılmış infeksiyadır.
Buna bəzi hallarda “tozlu bağ evi qızdırması” da deyilir. Xəstəliyə yoluxma halları ənənəvi olaraq bağ mövsümündə (yayda) pik həddə çatır. Bundan əlavə, infeksiyaya insan siçanların olduğu yerləri təmizləyərkən də yoluxa bilər, çünki virus onların ifrazatlarında qalır – səthlərdə və tozun tərkibində mövcud olur. Quru təmizlik zamanı bu çirkli toz havaya qalxdığına görə, həmin “uçucu” qarışığı nəfəs almaqla xəstəliyə yoluxma ehtimalı və riski yüksəlir.
Bu qızdırmaya səbəb olan hantavirusların (Orthohantavirus) əsas daşıyıcıları çöl siçanlarıdır. Lakin tez-tez çardaqlarda və zirzəmilərdə məskunlaşan şəhər siçovulları və siçanları da infeksiyanı yaya bilər.
Yoluxma necə baş verir?
Hər şeydən öncə, hava-damcı, yəni tənəffüs yolu ilə. Yuxarıda qeyd edildiyi kimi, gəmirici ifrazatları ilə çirklənmiş tozlu hava ilə tənəffüs edilməsi nəticəsində.
Kontakt yolu ilə: Gəmiricilərlə və ya çirklənmiş əşyalarla birbaşa təmas zamanı zədələnmiş dəri və ya selikli qişalar vasitəsilə: Buna görə də təmizlik işləri mütləq əlcək və maska ilə aparılmalıdır.
Alimentar (qida) yolu ilə: Heyvan ifrazatları ilə çirklənmiş və termik emaldan keçməmiş su və ya qidaların qəbulu vasitəsilə. Məsələn, payız və ya qış aylarında anbarlardan gətirilən təzə tərəvəzlərlə salat hazırlayarkən yüksək risk yaranır; çünki anbarlarda məhsulları gəmiricilərdən tam qorumaq çətindir. Müsbət cəhət odur ki, “siçan qızdırması” – böyrək sindromlu hemorragik qızdırma insandan insana keçmir. Məhz buna görə də insanlar arasında bu xəstəliyə genişmiqyaslı yoluxma ehtimalı çox aşağıdır.
Xəstəlik aşkarlandığı andan dərhal müalicəyə başlamaq çox vacibdir. Düzgün müalicə aparılmadıqda xəstəlik ağır gedişata malik olur və tez-tez ölümlə nəticələnə bilir. Ağırlaşmalara böyrək və ürək çatışmazlığı, həmçinin dəri və selikli qişalarda geniş qanaxmalarla özünü göstərən hemorragik sindrom daxil ola bilər.
Gəmiricilərlə və ya onların ifrazatları ilə təmasda olduqdan sonra qeyd etdiyimiz simptomlardan hər hansı biri müşahidə edilərsə, dərhal tibbi yardıma müraciət etmək lazımdır. Bədən hərarətinin 38–40°C-yə qədər yüksəlməsi, əzələ və oynaqlarda ağrılar, dəridə xırda ləkəli səpgilər və ya burun qanaxmaları, ürəkbulanma və ya qarın nahiyəsində ağrılar, görmə qabiliyyətinin pozulması, boğaz ağrısı, limfa düyünlərinin şişməsi kimi əlamətlərdən biri və ya bir neçəsinin müşahidə olunması yoluxmanın baş verməsini şərtləndirir. Mütəxəssislərin əsas tövsiyəsi budur ki, müalicəyə nə qədər tez başlanarsa, sağalma da tez baş verər.
Z.BƏŞİRQIZI
XQ