Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında sosial müdafiə, hüquqi təminatlar və qanunvericilik yenilikləri müzakirə olunub.
Bu iclas ölkədə aparılan hüquqi islahatların davamı kimi qiymətləndirilir və vətəndaş hüquqlarının daha geniş qorunması məqsədini güdür. Azərbaycan konstitusiyası və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi prioritet məsələ olaraq qalır.
Hazırkı müzakirələrdə əsas sual isə bundan ibarətdir: insan hüquqları sahəsində ölkədə hansı istiqamət prioritet olmalıdır – sosial təminatın gücləndirilməsi, ifadə azadlığının genişləndirilməsi, yoxsa məhkəmə sisteminin islahatı?
Hər bir istiqamət özünəməxsus əhəmiyyət kəsb edir və vətəndaşların həyat səviyyəsi, demokratik hüquqlar və hüquqi təminat baxımından fərqli təsirlər yaradır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İsveçdə yaşayan azərbaycnalı hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, hüquqi ekspertlərin fikrincə, ölkədə insan hüquqları sahəsində islahatların effektivliyi yalnız vahid və sistemli yanaşma ilə təmin oluna bilər.
"Azərbaycanda insan hüquqları ilə bağlı əsas prioritetlərdən biri sosial təminatın gücləndirilməsidir. Konstitusiya və beynəlxalq müqavilələr çərçivəsində sosial hüquqlar vətəndaşların rifahının əsas göstəricisidir və həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir. Xüsusilə aztəminatlı ailələrin və əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların sosial və iqtisadi həyatda tam iştirakının təmin edilməsi prioritet olmalıdır".
Onun sözlərinə görə, digər vacib istiqamət ifadə azadlığı və məlumat əldə etmək hüququdur:
"Demokratiyanın inkişafı, vətəndaşların ictimai və siyasi iştirakının təmin edilməsi ifadə azadlığının qorunması ilə sıx bağlıdır. Hüquqi təminatlar, jurnalistikanın və sosial mediada fəaliyyətin sərbəstliyi, dezinformasiya ilə mübarizə mexanizmləri bu sahədə mühüm rol oynayır. Bu sahədə aparılacaq islahatlar və qanunvericilik yenilikləri həm də dövlətin şəffaflığını artıracaq, vətəndaşlarla dövlət qurumları arasında etimadın möhkəmlənməsinə xidmət edəcək".

Zübeyir Bağırzadə: Ədalətli və şəffaf məhkəmə sistemi vətəndaşların hüquqlarını qoruyan ən etibarlı mexanizmdir
Həmsöhbətimiz qeyd edib ki, eyni zamanda, məhkəmə islahatı və hüquqi təminatların möhkəmləndirilməsi əsaslı prioritet olmalıdır:
"Ədalətli və şəffaf məhkəmə sistemi vətəndaşların hüquqlarını qoruyan ən etibarlı mexanizmdir. Məhkəmə islahatları vasitəsilə həm sosial, həm də siyasi hüquqların təminatı daha dayanıqlı olur, hüquqi tənzimləmələrdə uyğunsuzluqlar aradan qaldırılır və vətəndaşların ədalətə əlçatanlığı təmin olunur".
Ekspert vurğulayıb ki, Azərbaycan üçün ən səmərəli yol bu üç sahənin paralel və sistemli şəkildə inkişaf etdirilməsidir:
"Sosial təminat və məhkəmə islahatı vətəndaşların hüquqlarının real qorunmasını təmin edərkən, ifadə azadlığı və ictimai iştirak demokratik prinsiplərin möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, hüquqi təhsil və vətəndaş hüquqları barədə maarifləndirmə proqramları da uzunmüddətli perspektivdə hüquqların qorunmasına dəstək olacaq".
Sonda Zübeyir Bağırzadə deyib ki, insan hüquqları sahəsində prioritetlərin müəyyənləşdirilməsi yalnız fərdi sahəyə yönəlmiş islahatlardan ibarət olmamalı, həm də bütün hüquqi sistemin dayanıqlı inkişafına hesablanmalıdır:
"Bu yanaşma vətəndaş məmnunluğunu artıracaq, ölkənin beynəlxalq imicini möhkəmləndirəcək və hüquqi dövlət prinsiplərinin tətbiqini daha da təmin edəcək".
Əli Hüseynov