Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin humanizm siyasətinə verilən ali qiymət Birləşmiş Ərəb Əmirliklərinin ali dövlət nişanələrindən sayılan, beynəlxalq aləmdə yüksək nüfuza malik Şeyx Zayed Fondunun “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması bütün qlobal siyasi arenada böyük əks-səda doğurub.
Bəşəri dəyərlərin, sülhün, dözümlülüyün və humanizmin təntənəsi kimi qiymətləndirilən mükafat Azərbaycanın son illərdə yürütdüyü strateji kursun, hərbi zəfərlərin ardınca gələn diplomatik qələbələrin və Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinin beynəlxalq səviyyədə təsdiqidir.
Əbu-Dabidən gələn müjdə Azərbaycanın sülh diplomatiyasının qızıl dövrünün məntiqi davamıdır.
Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, müdrik dövlət xadimi Şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyan Fond və onun təsis etdiyi mükafat barədə məlumat vermək vacibdir.
Şeyx Zayed dünyada sülhsevərliyi, xeyriyyəçiliyi, mərhəməti və müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasını təşviq edən lider kimi tanınıb.
Onun irsini yaşadan Fondun əsas missiyası irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq bəşəriyyətin rifahına xidmət edən, konfliktlərin qarşısını alan, insanlar arasında qardaşlıq körpüləri quran şəxsiyyətləri aşkara çıxarmaq və onları dünyaya örnək kimi təqdim etməkdir.
"İnsanlıq Qardaşlığı" mükafatı 2019-cu ildə Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayyib tərəfindən Əbu-Dabidə imzalanmış tarixi "İnsanlıq Qardaşlığı Sənədi"ndən ilhamlanaraq təsis edilmişdir.