Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Müasir dövrdə bir çox insan adi bir sözə, kiçik bir davranışa və ya başqalarının münasibətinə belə həddindən artıq həssas yanaşır.
Bəzən gün ərzində yaşanan bir hadisə insanın düşüncələrindən uzun müddət silinmir, deyilən sözlər dəfələrlə xatırlanır və müxtəlif ehtimallar üzərində düşünmək daxili narahatlığa səbəb olur. Bu hal insanın həm özünə münasibətinə, həm də ətrafındakı insanlarla ünsiyyətinə təsir göstərə bilər.
Bəs insanlar niyə hər şeyi ürəklərinə salır, başqalarının fikirlərinə bu qədər əhəmiyyət verir və yaşanan hadisələri uzun müddət düşünməkdən özlərini necə xilas edə bilərlər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanın gözləntiləri onun həyatına istiqamət verir, lakin problem bu gözləntilər reallıqla toqquşanda başlayır:
“İnsan hadisələrin necə baş verməli olduğunu əvvəlcədən müəyyənləşdirir. Reallıq bu gözləntilərə uyğun gəlmədikdə isə baş verənləri qəbul etmək əvəzinə, hadisələrin başqa cür ola biləcəyini düşünür. Dəfələrlə eyni suallara qayıdır, keçmişi zehnində dəyişdirməyə çalışır və özünü reallaşmamış ehtimalların içində saxlayır.
Adi bir sözün belə ağır emosional reaksiya yaratması bəzən insanın özünə inamının başqalarının münasibətindən asılı olması, rədd edilmə qorxusu və keçmiş təcrübələri ilə əlaqəlidir. İnsan deyilən sözün özündən çox, ona verdiyi mənadan əziyyət çəkir. İnsan hər kəsin onun gözləntilərinə uyğun davranacağına inandıqca daha çox məyus olur. Başqalarının davranışlarını idarə etmək mümkün deyil, lakin insan öz gözləntilərini və hadisələrə verdiyi mənanı yenidən qiymətləndirə bilər.
Burada təcrübənin rolu böyükdür. İnsan zamanla anlamalıdır ki, hər söz təhqir deyil, hər fikir onun haqqında verilmiş hökm deyil və hər münasibət onun dəyərini müəyyənləşdirmir”.
Onun sözərinə görə, psixoloji yetkinlik heç nədən inciməmək deyil, hər hadisəni şəxsi dəyərinə yönəlmiş hücum kimi qəbul etməməkdir:
“Davamlı düşünmək problemi həll etmir, əksinə, insanın diqqətini, vaxtını və enerjisini tükəndirir. İnsan eyni hadisəni dəfələrlə təhlil edir, deyilməmiş sözləri, baş verməmiş ehtimalları və başqalarının mümkün reaksiyalarını düşünür. Nəticədə real həyatda həll etməli olduğu məsələlər arxa plana keçir, qərarvermə çətinləşir, diqqət dağınıqlığı, yuxu problemləri, təşviş, emosional tükənmə və depressiv əlamətlər yarana bilər.
Uzun müddət yığılan gərginlik insanın davranışlarına da təsir edir, onu səbirsiz, aqressiv və münasibətlərdə daha həssas edə bilir. İnsan bəzən baş vermiş hadisədən deyil, həmin hadisə haqqında zehnində qurduğu ssenarilərdən əziyyət çəkir.
Bu vəziyyətdən çıxmaq üçün insan ilk növbədə düşüncənin həll yolu ilə eyni olmadığını anlamalıdır. Özünə sual verməlidir, mən problemi həll edirəm, yoxsa eyni fikri təkrar edirəm?
Problem həll edilə bilirsə, konkret addım atmaq, insanın nəzarətindən kənardadırsa, onu dəyişdirmək cəhdindən imtina etmək lazımdır. Başqalarının fikirlərinə gəldikdə isə insan qəbul etməlidir ki, hamının onu bəyənməsi nə mümkündür, nə də zəruridir.
Başqalarının düşüncələrini idarə etməyə çalışmaq insanın öz həyatını başqalarının mühakiməsinə təslim etməsidir. İnsan başqalarının nə düşündüyünü hesablamaqla yaşadıqca öz istəklərindən, seçimlərindən və azadlığından uzaqlaşır”.
Psixoloq qeyd edib ki, həddindən artıq düşünmək gündəlik həyata ciddi maneə yaradırsa, psixoloqa müraciət etmək məqsədəuyğundur.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: fikir Rövşən Nəcəfov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin