İnsanlıq hələ ölməyibmiş…

23.01.2026

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəzən həyat səni elə bir nöqtədə saxlayır ki, nə irəli gedə bilirsən, nə geri. Sözlər boğazında düyünlənir, fikirlər bir-birinə qarışır. Bu günlərdə yaxınımız olan bir şəxsin ağır xəstəliyi ilə üzləşmək bizə məhz bu hissləri yaşatdı. Xəstəlik xəbəri təkcə bir insanın deyil, ətrafındakı hər kəsin həyatını alt-üst edir. Qorxu, ümidsizlik, acizlik… Hamısı eyni anda adamın üzərinə gəlir.

Belə anlarda insanın içində tək bir sual dolaşır: Mən nə edə bilərəm? Əlindən heç nə gəlmədiyini düşünmək bəlkə də ən ağır hissdir. Biz də bu çarəsizlik içində bacardığımız yeganə yola üz tutduq. Paylaşmağa. Sosial şəbəkələrdə yardım çağırışı etdik, həm mənəvi, həm də maddi dəstək üçün insanlara səsləndik.

Amma etiraf edim ki, bu paylaşımı edərkən içimdə ciddi bir ümid yox idi. Düşünürdüm ki, insanlar artıq bu tip yardım kampaniyalarına inanmır. Haqsız da deyildim. Son illər bu yolla saxtakarlıq edənlərin sayı az deyil. Kiminsə ağrısını qazanca çevirənlər, insanların yaxşı niyyətini sui-istifadə edənlər cəmiyyətin etimadını xeyli sarsıdıb. Elə buna görə də “görəsən, kimsə yardım edəcəkmi?” sualı beynimdən çıxmırdı. Amma bəzən həyat səni susduracaq qədər güclü cavab verir.

Paylaşım edildikdən sonra gələn ilk mesajlar məni təəccübləndirdi. Ardınca digərləri gəldi. Tanıyan da yazdı, tanımayan da. Kimisi “dua edirəm” dedi, kimisi “əlimdən bu qədər gəlir” deyərək yardım göndərdi. Bir neçə saat ərzində isə inanılması çətin olan bir şey baş verdi və lazım olan məbləğ tam şəkildə toplandı. O an anladım ki, bəzən biz insanlara deyil, öz ümidsizliyimizə uduzuruq.

Paylaşımlara gələn geri dönüşlər təkcə maddi dəstək deyildi. Orada bir cəmiyyətin vicdanı, mərhəməti, hələ də sağ qalan insanlığı vardı. “Azdır, amma ürəkdəndir”, “Allah şəfa versin”, “Yanınızdayıq” kimi mesajlar adamın ürəyini isidirdi.

Bu hadisə mənə bir həqiqəti yenidən xatırlatdı ki, insanlıq səs-küylü olmur. O, reklamla, iddia ilə yaşamır. Sakitcə, doğru anda, doğru yerdə ortaya çıxır. Bəzən bir mesajda, bəzən kiçik bir məbləğdə, bəzən isə sadəcə bir xoş sözdə özünü göstərir.

Bəli, bu gün cəmiyyətdə etimadsızlıq var. Bəli, bizi aldadan, məyus edən hallar az olmayıb. Amma bu, yaxşı insanların tükəndiyi anlamına gəlmir. Sadəcə pislik daha çox görünür, yaxşılıq isə səssizdir.

Bu yaşadıqlarımız mənə bir daha sübut etdi ki, insanların ürəyində mərhəmət hələ də yaşayır. Hələ də başqasının dərdinə biganə qalmayanlar, yad ağrısını öz ağrısı bilənlər var. Ümid tam itib deyə düşündüyümüz yerdə, insanlıq ayağa qalxıb “mən buradayam” deyir.

Və bütün bunlardan sonra bir cümlə öz-özünə dodaqlarımdan süzüldü: İnsanlıq hələ ölməyibmiş… Sadəcə bəzən onu görmək üçün inanmaq lazımdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью