Icma.az, Moderator.az saytına istinadən bildirir.
“Türkiyə ilə Azərbaycan birgə mövqeyə sahibdir və Türkiyə ilə Azərbaycanın mövqeyi ABŞ tərəfindən də qəbul olunur. Buna görə də İsrail bu məsələləri hərtərəfli ölçüb-biçməli, tam ciddi düşünərək qərar verməli və regionda kimlərəsə qarşı hərəkət edilməsi və ya kimlərinsə sıradan çıxarılması ilə bağlı heç bir əsassız iddialara düşməməlidir...”
“Regionda baş verən son proseslər və hadisələr fonunda xarici, o cümlədən Qərb ekspertləri artıq aydın şəkildə qeyd edirlər ki, Azərbaycan Respublikası artıq İranda cərəyan edən olaylarla bağlı yalnız müşahidəçi mövqeyində deyil. Hazırda Azərbaycan da qardaş Türkiyə kimi İranda gedən proseslərə təsir edə biləcək faktor rolunu oynayır. Bunu həm mütəxəssislər, həm də digər ölkələrin siyasi rəhbərlikləri, o cümlədən Rusiya və Qərb açıq şəkildə görürlər. Çünki Azərbaycan güclənib. Ölkəmiz artıq 20-30 il, hətta 5-6 il əvvəlki belə, bir ölkə, dövlət deyil. O dövrlərdə Azərbaycan belə bir rolu öz üzərinə götürə bilməzdi.”
AzVP sədri Akif Nağı bu fikirləri Moderator.az-a açıqlamasında İran ətrafında baş verən son hadisə və proseslər fonunda İsrailin müəyyən siyasi dairələrinin Azərbaycan və Türkiyənin milli maraqlarına zidd addımlar ata biləcəyi ilə bağlı iddiaları şərh edərkən ifadə edib.
Partiya sədri hesab edir ki, İsrail Azərbaycanın da regioanda müxtəlif təsir imkanlarını nəzərə almalıdır:
“Bilirsiz ki, 2000-ci illərin əvvəllərindən başlayaraq İranda bir neçə kütləvi etiraz dalğası baş vermişdi. Amma o dönəmdə Azərbaycan açıq şəkildə müdaxilə edə və ciddi mövqe sərgiləyə bilmirdi. İndi isə Azərbaycan baş verənləri kənardan müşahidə etsə də, proseslərlə bağlı öz mövqeyini də ortaya qoyur. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, dövlətimiz İrandakı qarşıdurmalardan narahatdır və oradakı proseslərin dinc vasitələrlə nizama salınmasında maraqlıdır və İran rəhbərliyinə mesajlar göndərir. Ancaq bütün ekspertlərin də fikirlərinə görə, Azərbaycan istənilən formada orada gedən proseslərə müdaxilə etmək gücünə malikdir. Odur ki, bununla əlaqədar olaraq İsrail də Azərbaycanın müxtəlif təsir imkanlarını nəzərə almalıdır...”
“O da bilinməlidir ki, Türkiyə ilə Azərbaycan birgə mövqeyə sahibdir və Türkiyə ilə Azərbaycanın mövqeyi ABŞ tərəfindən də qəbul olunur. Buna görə də İsrail bu məsələləri hərtərəfli ölçüb-biçməli, tam ciddi düşünərək qərar verməli və regionda kimlərəsə qarşı hərəkət edilməsi və ya kimlərinsə sıradan çıxarılması ilə bağlı heç bir əsassız iddialara düşməməlidir. İlk növbədə haqlı mövqe tutmalı, ikinci növbədə isə öz gücünün reallığını düzgün qiymətləndirməlidır. Hamı bilməlidir ki, İran ətrafındakı son proseslərdən yararlanaraq ölkələrimiz və ya Güney Azərbaycanla bağlı haqsız qərarlar icra etməyə cəhd edənlər heç bir ciddi nəticə əldə edə bilməyəcək və ən azından Türkiyə və Azərbaycanın birgə müqaviməti ilə qarşılaşmalı olacaqlar”, - deyə Akif Nağı vurğulayıb.
Sultan Laçın