Icma.az, Bizimyol saytına istinadən bildirir.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "İran Venesuelanın taleyini yaşaya bilərmi?" sualına birmənalı fikir söyləmək mümkün deyil, amma istisna edilməyən variantlardan biri də məhz budur: “Venesuelada Maduroya qarşı çox böyük hərbi əməliyyatlar olmadan addım atıldı, yəni rejimin başındakı şəxs həbs edilərək Amerikaya aparıldı. İranda bu variant kifayət qədər mürəkkəbdir. İran həm relyef baxımdan, həm də daxildəki vəziyyət baxımdan Venesuela deyil”.
Oqtay Qasımov
“Hazırda Amerika Birləşmiş Ştatlarının "Avraam Linkoln" aviadaşıyıcısı İran sərhədlərinin yaxınlığına qədər gəlib və bu ərazilərdə, bu coğrafiyada geniş hərbi birləşmələr cəmləşdirilib. Bundan başqa, Amerika Birləşmiş Ştatları həm də Yaxın Şərqdəki tərəfdaşlarını qorumaq üçün bölgəyə əlavə “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemləri yerləşdirməkdədir. Eyni zamanda tanker təyyarələri də bölgəyə yönləndirilib. Bu baxımdan Birləşmiş Ştatlar Trampın qərarından asılı olaraq, hərbi əməliyyatlar həyata keçirə bilər”-deyə Oqtay Qasımov qeyd edib.
“İran rejimi Əli Xameneini Tehran yaxınlığındakı bunkerlərin birində qorumağa çalışır. Amerika Birləşmiş Ştatlarının da hədəfləri bəllidir. Görünən odur ki, Venesuela variantı real variantlardan biri kimi tətbiq oluna bilər. Çünki strateji hədəflərin vurulması və rejimin "başsızlaşdırılması" ssenarisi indi daha çox ağlabatan versiyalardan sayılır”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info