Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı münasibətlərdə, xüsusilə Tramp administrasiyası ilə Netanyahu hökuməti arasında müəyyən soyuqluğun olduğu aydın görünür. Donald Trampın ilk prezidentliyi dövründən fərqli olaraq, hazırkı vəziyyətdə tərəflər arasında müəyyən fikir ayrılıqları mövcuddur.
Politoloqun fikrincə, bu fikir ayrılıqlarının yaranmasının əsas səbəbi İsrailin İran məsələsində ABŞ-dan daha fəal mövqe gözləməsidir.
İsrail hesab edir ki, ABŞ İrana qarşı daha geniş dəstək verməli, İranın bütün nüvə obyektlərini məhv etməli, ölkədə hakimiyyət dəyişikliyinə nail olmalı və İranın uzaqmənzilli raket proqramını tamamilə sıradan çıxarmalıdır. İsrail bu məqsədlərə çatmaq üçün maksimum səviyyədə çalışır: “Lakin bu, heç də asan məsələ deyil. Burada müəyyən problemlər mövcuddur və həmin problemlərin əsas səbəblərindən biri ABŞ daxilində bu yanaşmanı dəstəkləməyən qüvvələrin olmasıdır. Təkcə demokratlar deyil, Respublikaçılar Partiyasının öz daxilində də ABŞ-ın maraqlarının İsrailin maraqlarından üstün olduğunu düşünən şəxslər var. Həmin şəxslər Netanyahunun istəklərinin tam şəkildə həyata keçirilməsinə imkan vermək istəmir, ABŞ-ın öz hərbi-siyasi potensialından yalnız öz strateji maraqlarına uyğun istifadə etməsinin tərəfdarı kimi çıxış edirlər.
Onlar çalışırlar ki, İsrailin bütün istəkləri yerinə yetirilməsin və Amerika Birləşmiş Ştatları öz resurslarından və imkanlarından yalnız öz prioritetlərinə uyğun şəkildə istifadə etsin. Bu istiqamətdə müəyyən siyasi addımların atıldığı da müşahidə olunur”.
Politoloq hesab edir ki, ümumilikdə, hazırkı vəziyyətdə ABŞ-ın İsraili qorumaq üçün Yaxın Şərqdə kifayət qədər potensiala malik olub-olmaması müəyyən qədər şübhə doğurur. Çünki ABŞ İrana qarşı həyata keçirilən əməliyyatlar zamanı bölgədəki resurslarının mühüm hissəsini istifadə edib. Körfəz ölkələrində yerləşdirilmiş ABŞ bazalarının bir hissəsi İran tərəfindən vurulub və bu da Vaşinqtonun bölgədəki hərbi imkanlarına təsir göstərib.
Bu səbəbdən həm dənizdə, həm havada, həm də quruda ABŞ-ın hazırda kifayət qədər ehtiyat və imkanlara malik olduğuna tam əmin olmaq çətindir.
Zeynal Əmrəliyev bildirib ki, gələcəkdə əlavə hərbi gücləndirmə həyata keçirilərsə, vəziyyət dəyişə bilər. Lakin indiki mərhələdə müəyyən problemlərin mövcud olduğu görünür.
“Trampın Netanyahunun istədiyi addımları tam şəkildə atacağı inandırıcı görünmür. Daha doğrusu, mövcud daxili siyasi narazılıqlar və strateji məhdudiyyətlər səbəbindən onun İsrailin gözlədiyi bütün addımları atması çətin görünür. Çünki ABŞ daxilində belə bir siyasətə qarşı kifayət qədər güclü narazılıq mövcuddur”-deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info