Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənubunda yerləşən Bəndər-Xəmir şəhərinin səmasında ABŞ-yə məxsus iki LUCAS pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın Hörmüzqan əyalətindəki regional bölməsinə istinadən məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları İranın vahid hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən SEPAH bölmələri tərəfindən vurulub.
Bu açıqlama İranın hava və su məkanında ABŞ-yə məxsus pilotsuz uçuş aparatları ilə bağlı bir sıra insidentlər barədə məlumatların yayılmasından sonra verilib.
Bazar ertəsi axşamı SEPAH Qeşm adasının cənubunda ABŞ-yə məxsus iki MQM-170 kəşfiyyat PUA-sını məhv etdiyini bildirmişdi.
İran tərəfinin iddiasına görə, həmin aparatları SEPAH-ın Aerokosmik Qüvvələrinin tətbiq etdiyi müasir radioelektron mübarizə vasitələri sıradan çıxarıb. Korpusdan bildirilib ki, İran hərbçilərinin ələ keçirdiyi bu tipli ABŞ pilotsuz uçuş aparatlarının ümumi sayı dördə çatıb.
Bundan başqa, SEPAH Hörmüz boğazının şərq hissəsinin səmasında ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatının da ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. Korpusun məlumatına görə, İran tərəfindən vurulan bu tip PUA-ların ümumi sayı 55-ə çatıb.