Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Venesueladakından daha çətin olacağını bildirib.
Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Venesuelada məhdud çərçivəli bir əməliyyat keçirmişdi:
"Venesuela Prezidenti Nikolas Maduronun yerini bilirdilər. Onu tutub Amerika gəmisinə, oradan da Nyu-Yorka gətirdilər və Amerika məhkəməsinin qarşısına çıxardılar. Çox qanunsuz, beynəlxalq hüquqları kobud şəkildə pozan, heç bir məntiqi olmayan bir əməliyyatdır. Bunun əsas məqsədi o idi ki, Maduronu Venesuela rəhbərliyindən uzaqlaşdırsınlar və Venesuela neftini nəzarətə götürsünlər".
Müsahibimiz İrana qarşı ABŞ-nin əməliyyat ehtimalından bəhs etdi:
"İrana qarşı əməliyyat ehtimalı çox böyükdür. Niyə? ABŞ Prezidenti Donald Trampın ölkədaxili siyasi vəziyyəti çox ağırdır. Düzdür, çox yuxarıdan danışır, böyük vədlər verir, amma Amerika məhkəmələri Trampın iqtisadi fırıldaqlarını sübuta yetiriblər. Ona qarşı Amerika məhkəmələrinin qərarları var, əmlakı müsadirə edilir. Vəsaiti çatmır ki, girov qoysun. 154 milyard dollar girov qoymalı idi. Onun bir çox məşhur obyektləri - qolf meydançaları, böyük təyyarəsi - bunların hamısı həbs altındadır və müsadirə olunub satıla bilər. Çünki o, maliyyə fırıldaqları işlədib. Bu, artıq sübuta yetib və məhkəmənin qərarı var.
Beynəlxalq hüquq barədə sual verəndə ki, siz nəyə əsaslanıb Maduronu oğurladınız, deyir ki, mənə beynəlxalq hüquq lazım deyil, mənə öz daxili əxlaqi meyarlarım, öz mənəviyyatım kifayətdir. Trampın vəziyyəti daxildə zəif olduğu üçün o, çalışacaq ki, hansısa bir xarici macəra ilə diqqəti yayındırsın. Diqqəti yayındırmaq üçün ən münasib hal İrana qarşı təcavüzdür. Çünki İrana Amerikanın nifrəti var.
Azərbaycan dilində gözəl məsəl var: “Adamın adı çıxınca, canı çıxsın”. İranı çox mənfi çalarlarda təsvir edirlər: mənfi bir dövlət, terror dövləti. Özləri terrorla məşğul olur - bu, sübuta yetib. İsrail terrorçu dövlətdir, dinc əhalini öldürür, mülki əhalini bombalayır və s. Amerika İrana qarşı informasiya müharibəsi aparır".
Onun sözlərinə görə, belə bir vəziyyətdə, təbii ki, İran faktiki olaraq təklənib:
"Müsəlman dünyasının rəhbərlərinin mütləq əksəriyyəti Amerikanın qarşısında diz büküb, Amerikadan asılıdırlar. Çin və Rusiya işə qarışmaq istəmir, çünki görürlər ki, Amerika yanlış siyasət yürüdür və əgər sənin rəqibin yanlış siyasət yürüdürsə, sənə qarışmaq lazım deyil. Oturub gözləməlisən ki, özü hansısa bir mənfi nəticəyə, məğlubiyyətə uğrasın. İran təklənib və İranın yeganə ümidi özüdür, ordusudur. Raketlərinə, dronlarına, xalqına ümid edir. Amma onlara qarşı da təxribat aparırlar, informasiya və iqtisadi müharibə gedir".
Aytəkin TOFİQQIZI