Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hal-hazırda Türkiyənin daxili qoşunları İran İslam Respublikasının daxili təhlükəsizlik qüvvələri ilə müzakirələr aparır. Türkiyə və İran arasında sərhədlərin qorunması üçün əməkdaşlıq edilir...”
“Öncə xatırladım ki, dünən Tramp bəyan edib ki, daha bir donanma İrana yaxınlaşır. Türkiyənin məsələyə münasibətinə gəlincə, 28 yanvar 2026-cı ildə Türkiyənin Milli Təhlükəsizlik Şurasının 2026-cı il üçün ilk iclası keçirilib. Burada bir çox məsələlər müzakirə edilib, amma ən aktual və geniş müzakirə olunan məsələ İran məsələsi olub. İranın ABŞ və İsrail ilə olan münasibətləri bu müzakirələrin mərkəzində durub. Mətbuata verilən bəyanatda vurğulanıb ki, İranın təhlükəsizliyinə təhdid bölgənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Yəni, bu, İrana hücumun Türkiyə üçün də təhlükəsizlik təhdidi olacağı anlamına gəlir.”
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Teymur Qasımlı Türkiyə dövlətinin son vaxtlar İran ətrafında baş verənlərə münasibətini şərh edərkən dilə gətirib.
“Ümumilikdə, İran İslam Respublikasından Türkiyəyə turist axını, tələbələr və digər şəxslər gəlir. İranla bağlı ən mühüm məsələlərdən biri də miqrasiya, qaçqın axınıdır. Hal-hazırda Türkiyənin daxili qoşunları İran İslam Respublikasının daxili təhlükəsizlik qüvvələri ilə müzakirələr aparır. Türkiyə və İran arasında sərhədlərin qorunması üçün əməkdaşlıq edilir və bu məsələlər müntəzəm şəkildə müzakirə olunur. Həmçinin, Türkiyə dövləti əsasən İranla sərhədlərin qorunması üçün gücləndirilmiş tədbirlər görür. Miqrasiya məsələsi, xüsusilə Əfqanistan üzərindən İran vasitəsilə Türkiyəyə gələn qaçqınlar mövzusunda ciddi addımlar atılır və bu axının qarşısını almaq üçün tədbirlər görülür”,- davamında həmsöhbətimiz belə deyib.
“Türkiyənin ictimai və siyasi mühitində ABŞ və İsrailin İrana gözlənilən müdaxiləsi məsələsinə qarşı olan narahatlıq var. Və ölkənin əksər siyasətçi, şərhçi və jurnalistləri bu müdaxilənin qəti əleyhdarıdırlar. Bu narahatlığın əsas səbəblərindən biri İranın bölünməsi halında Türkiyənin də təhlükə altında qalacağı düşüncəsidir. Əgər İrana müdaxilə olarsa, Türkiyə dövlətinin mövqeyi İranın yanında olmaqdır. Xatırladaq ki, hətta 12 günlük İran-İsrail müharibəsində Türkiyə dövləti İran İslam Respublikasının yanında dayanıb. Həmin savaş zamanı Türkiyə tərəfindən İrana kəşfiyyat və təhlükəsizlik məlumatları ötürülüb. Və gələcəkdə də əgər hər hansı bir xarici müdaxilə baş verərsə, yenə də hər iki tərəf diplomatik vasitələrə və məlumat mübadiləsinə müraciət edəcək. İranın ərazi bütövlüyü ilə bağlı Türkiyənin mövqeyi aydın olub və bu mövqe diplomatik və digər vasitələrlə müdafiə ediləcək.
Publik olmasa da, qeyri-rəsmi diplomatik mənbələr də belə məlumatları təsdiq edir. Hətta 12 günlük müharibə zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran ilə ABŞ arasında vasitəçilik etmək istəmişdi. Bu cəhdlər ümumilikdə uğursuz olsa da, bəzi məsələlərdə uğurlar əldə edilib.
Bir sözlə, İrana qarşı genişmiqyaslı yeni müdaxilə olarsa, Türkiyə dövləti, ilk növbədə Milli Təhlükəsizlik Şurasının son bəyanatına əsaslanacaq və ölkə öz milli maraqlarını qorumaq üçün diplomatik və digər vasitələrdən istifadə edəcək. İranın ərazi bütövlüyünün qorunması, Türkiyənin rəsmi mövqeyidir”, –deyə Teymur Qasımlı vurğulayıb.