Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqtonun əvvəlki hərbi addımlar barədə müttəfiqlərini əvvəlcədən məlumatlandırmaması tərəflər arasında etimad problemini daha da dərinləşdirib.
Avropa ölkələrinin bu mövqeyi ABŞ-Avropa təhlükəsizlik əməkdaşlığında yeni fikir ayrılıqlarının yaranmasına səbəb ola bilərmi?Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına bildirib ki, ABŞ İran ətrafında hərbi-siyasi koalisiya yaratmağa nə qədər çalışsa da, indiyədək bu məqsədə tam şəkildə nail ola bilməyib.
Onun sözlərinə görə, Vaşinqton uzun müddətdir Körfəz bölgəsində İranı məhdudlaşdırmağa yönəlmiş bir koalisiyanın formalaşdırılmasına çalışır. Lakin ilk növbədə Körfəz ölkələrinin əksəriyyəti bu təşəbbüsə açıq şəkildə yaxınlıq göstərməyiblər.
Əmrəliyev hesab edir ki, burada əsas amillərdən biri İranın həmin ölkələrə mümkün hücum ehtimalı ilə bağlı yaranmış təhlükəsizlik narahatlığıdır. Bu səbəbdən onlar belə bir koalisiyada fəal iştirak etməkdən çəkinirlər.
Politoloq deyib ki, başqa mühüm məqam ABŞ-ın Qərbdəki əsas müttəfiqləri olan Avropa ölkələrinin bu təşəbbüsə qoşulmamasıdır. O bildirib ki, Vaşinqtonun İranla bağlı siyasətinə müəyyən siyasi dəstək ifadə olunsa da, Avropa dövlətləri hərbi əməliyyatların bir hissəsinə çevrilmək istəmirlər.
Z. Əmrəliyev müqayisə üçün 2003-cü ildə Səddam Hüseyn rejiminə qarşı həyata keçirilən əməliyyatı xatırladıb. O vurğulayıb ki, həmin dövrdə ABŞ geniş beynəlxalq koalisiya formalaşdıra bilmişdi və burada həm Körfəz ölkələri, həm region dövlətləri, həm də Avropadakı müttəfiqlər fəal iştirak edirdilər.
“Həmin dövrdə Böyük Britaniyanın baş naziri Toni Bleyer ABŞ-ın əsas tərəfdaşlarından biri idi və Fransa prezidenti Jak Şirak da prosesdə mühüm rol oynayırdı.
Hazırkı vəziyyət tamamilə fərqlidir. Avropa ölkələri İrana qarşı genişmiqyaslı müharibədə iştirak etməyə həvəsli deyillər. Bunun əsas səbəblərindən biri Avropanın öz daxilində ciddi iqtisadi və sosial problemlərin mövcud olmasıdır. Bir çox Avropa dövlətləri iqtisadi durğunluq, enerji təhlükəsizliyi və daxili siyasi sabitlik məsələləri ilə üzləşdikləri üçün böyük həcmli hərbi qarşıdurmanın tərəfinə çevrilmək istəmirlər” deyə o bildirib.
Əmrəliyev əlavə edib ki, belə bir müharibədə iştirak ABŞ-ın Avropa üzərində təsir imkanlarını daha da artıra bilər.
Onun fikrincə, nə Böyük Britaniya, nə də Fransa hazırkı mərhələdə Vaşinqtonun Avropa üzərində nüfuzunun güclənməsində maraqlı görünmür. Əksinə, son illərdə Avropa daxilində ABŞ-dan daha müstəqil təhlükəsizlik və xarici siyasət xəttinin formalaşdırılması istiqamətində meyillər müşahidə olunur.
Politoloq sonda vurğulayıb ki, ABŞ-ın İran ətrafında geniş beynəlxalq koalisiya yaratmaq planının yaxın perspektivdə reallaşması çətin görünür.
O, eyni fikrin Vaşinqtonun Hörmüz boğazı ətrafında beynəlxalq patrul dəstələrinin yaradılması təşəbbüsünə də aid olduğunu bildirib.
Z. Əmrəliyevin sözlərinə görə, bu məsələ ilə bağlı müəyyən dəstək bəyanatları səslənsə də, praktiki müstəvidə Avropa ölkələrinin bu təşəbbüsdə fəal iştirak etməyə çox da həvəsli olmadığı açıq şəkildə görünür.
İradə Cəlil, Bizimyol.info