Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vahid Cəlalzadə ötən həftənin cümə günü Azərbaycana səfər edib. O, dövlət və hökumət üzvləri ilə görüşüb.
Vahid Cəlalzadə daha sonra azərbaycanlı jurnalistlərlə bir araya gəlib. Modern.az-ın "yaxın gələcəkdə İranda Azərbaycan dilli məktəblərin açılması gözlənilirmi" sualına cavab verən diplomat qeyd edib ki, ölkə konstitusiyasına görə, ana dilində tədris qanunidir.
Maraqlıdır, əgər belədirsə, onda indiyə kimi niyə İranda Azərbaycan dilində məktəb açılmayıb? Bəs Azərbaycan dilində məktəb açılması üçün hökumətə müraciətlər edilibmi, onlara necə reaksiya verilib?
Əslən Güney Azərbaycandan olan Günaz.TV-nin qurucusu və rəhbəri Əhməd Obalı bizimlə söhbətdə bildirib ki, İran rejimi farsçılıq üstündə qurulub və qanun olsa da-olmasa da, qeyri-fars millətlərə ana dili, milli kimliklə bağlı heç bir hüquq tanımaq istəmirlər:
“Hələ qərarı bir yana qoyun, heç məsələnin müzakirəsinə dözmürlər, bunu özlərinə təhlükə kimi qəbul edirlər. Səttar xan hərəkatı və inqilab zamanı ana dilində tədris məsələsi gündəmə gəlib. Lakin hər ikisində də məsələ alınmayıb. Ümumiyyətlə, bu məsələni müzakirəyə çıxarmaq istəmirlər. Yəni bu məsələnin müzakirəsini özlərinə milli təhlükə hiss edirlər. Hələ ilk belə müzakirə Sattar xan hərəkat zamanı olub.
Sattar xan zamanı federalizm kimi bir sistem yaranırdı. Adını da əyalət və vilayət əncümənləri qoydular. Əncümən, yəni Məclis yeriydi. Sovet dövründə Azərbaycanın özünün məclisi olduğu kimi, bir də ümumi Ali Məclis mövcud idi. İranda da elə bir sistem qurulacaqdı. Amma o da heç icra olunmadı. Behiştinin rəhbərlik etdiyi komissiya tərəfindən məsələyə baxılmış və Konstitusiyanın 15-ci maddəsində fars dilində də, ana dilində də oxuma hüququ təsbit olunmuşdu. Bəluclar Behiştidən soruşurdu ki, ana dilində tədris dövlət, yoxsa camaatın öz vəaiti hesabına olacaq? Behişti cavab olaraq demişdi ki, məktəblər dövlətin hesabına açılmalıdır. Bunların hamısı qanunda yazıldı. Təsəvvür edin, İran dünyada yeganə ölkədir ki, Konstitusiyanın tamamının icra olunmasını tələb edənləri həbs edir. Yəni biz əmələ baxmalıyıq. İndiyə qədər əməli olaraq hansı addım atılıb?
Biz bilirik ki, İranda farsçılıq qaldıqca, molla rejimi gedib yerinə şah gəlsin, fərqi yoxdur, ana dilində məktəb açılmayacaq”.
Ə.Obalı vurğulayıb ki, İranda kimsə Azərbaycan dilində məktəb açmaq üçün müraciət etsə, ona imkan verilməyəcək:
“Təbrizdə bir çox adamlar məktəb açmaq istədi. Məktəb də yox, ana dilində kurs açmaq istədilər. Ona da icazə verilmədi. Həsən Ağa Dəmirçi belə bir təşəbbüslə çıxış etmişdi, onun musiqi məktəbini də bağladılar. Dedilər ki, birdən sən burada musiqi məktəbi adı altında ana dili öyrədərsən. İran rejiminin bir siyasəti var. Sayca çox olduğumuza və dövlətçilik ənənələrimiz olduğuna görə, bizdən xüsusilə qorxurlar.
Farsçılıq irqçilikdir deyə onun adını irançılıqla əvəz edib öz siyasətlərini aparırlar. Sərçəni bəzəyib bülbülə bənzədiblər. Farsçılığın tarixən əsas bir düşməni var: türklər. Firdovsi "Şahnamə"sini bunun üzərində yazıb. "Şahnamə"nin bütün dastanlarının əsas məsələsi İran və Turan savaşı üzərindədir.
İndi bu irançılığın əsas düşməni türklər olduğu üçün hələlik bunlar Azərbaycanın üstünə kökləniblər. Azərbaycanı vurmaq, əzmək, dağıtmaq, mümkün qədər zəif saxlamağı düşünürlər. Hədəf Şimali və Cənubi Azərbaycan, sonda isə Türkiyədir. Türkiyə güclüdür. İstəyirlər ki, Türkiyə və Azərbaycan Cənubi Azərbaycan üçün iki güclü dövlət kimi ilham nöqtəsi olmasın. Azərbaycan düşmənçiliyi buna görədir, yoxsa erməniyə-zada aşiq deyillər ki…
Biz onlara əsas düşmən sayılırıq. Onlar bizə heç bir zaman ana dilində nəinki məktəb, heç kurs belə verməyəcəklər. İndi deyirlər ki, Təbriz Universitetində ana dilində kurs olsun. Ancaq o kursu çox cılız formada qoyublar. O dili mən fazəri adlandırıram. İnqilabın ilk ilindən erməni dilində, ingilis dilində, alman dilində kurs vardı. Amma Təbrizdə qoymurdular. İndi bizə minnət qoyurlar ki, Təbrizdə kurs var. Amma biz onu yox, ana dilində məktəbi istəyirik, yəni uşaqlıqdan başlayaraq, ana dilində öyrədilməlidir”.
Ə.Obalı 5 il bundan öncə İran tərəfinin qəbul etdiyi qərardan da danışıb:
“Dedilər ki, gərək uşaqlar fars dilində imtahan verələr. Əgər fars dilini mükəmməl bilmirsə, həmin uşağı zehni qüsurlu sayıb ona uyğun məktəbə yollamalıdırlar. Bunlar məcbur eləyirlər ki, analar, atalar evlərində uşaqları ilə farsca danışsınlar”.