Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda son günlərdə siyasi vəziyyətin gərginləşməsi və radikal media qurumlarının Prezident Məsud Pezeşkiana qarşı kampaniyaya başlaması, həmçinin tanınmış din xadiminin müəmmalı ölümü ölkədə ciddi daxili çəkişmələrin getdiyini göstərir.
Prezident seçkilərindən sonra siyasi elita daxilində aydın şəkildə parçalanma müşahidə olunur.Yaxın Şərq üzrə ekspert Pərviz Əliyev hesab edir ki, bu proseslər post-Xamenei dövrünə hazırlıq fonunda baş verir və artıq real qarşıdurma mərhələsinə qədəm qoyulub.Ekspert bildirir ki, son bir həftədir İranın daxilində gərgin bir ab-hava hökm sürür.
Onun sözlərinə görə, 12 günlük savaşdan sonra İran siyasi elitasında parçalanma o qədər su üzünə çıxıb ki, artıq tərəflər qan axıtma nöqtəsinə çatıblar.
Əliyev vurğulayıb ki, xüsusilə Rəfsəncani klanı, başda Həsən Ruhani ilə Həsən Xomeyni olmaqla, Qum şəhərinə səfər edərək bir sıra ayətullahlarla görüşüblər.
Bu xəbərin mediada yayımlanmasından dərhal sonra İranın Qum şəhərində yerləşən və birbaşa Xameneiyə bağlı olan “Keyhan” qəzeti Prezident Məsud Pezeşkianı satqınlıqda və ölkəni ABŞ və İsrailin təsirinə verməkdə ittiham edib.Ekspert qeyd edir ki, qəzet eyni zamanda Pezeşkianın Azərbaycan səfərinə toxunaraq onu Prezident İlham Əliyevdən guya İsrailin Azərbaycandakı bazalarının çıxarılmasını tələb etmədiyi üçün günahlandırıb.
Maraqlı məqam ondan ibarətdir ki, bu kampaniya məhz Ruhaninin Qum şəhərinə səfərindən bir gün sonra başlayıb.
P.Əliyev hesab edir ki, bu, Xameneinin Ruhaninin son addımlarından ciddi şəkildə narazı olduğunu və onu dolayısı ilə “xəyanətdə” ittiham etdiyini göstərir.