Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"ABŞ-nin Avropadakı hərbi bazaları İran Hərbi Hava Qüvvələrinin yeni raketlərinin nəriltisini eşitməlidir”.
Bu barədə İran ali rəhbərinə bağlı "Keyhan” qəzeti yazıb. "Təhdid coğrafiyasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, düşmən minlərlə kilometr uzaqlıqdakı Almaniya, Britaniya, Albaniya, Yunanıstan, Kipr və bəzi qonşu ölkələrdə yerləşən Amerika hərbi bazalarında yeni raketlərin nəriltisini eşitməlidir. İslam Respublikasının indiyədək təmkinli olması səbəbindən həmin ölkələrdəki ABŞ bazalarından qırıcıların havaya qalxmasını sadəcə seyr edən tərəflər də bu səsi eşitməlidirlər. Hazırda İranın geniş coğrafiyasının hər tərəfində SEPAH-ın raket şəhərləri və dərin yeraltı tunellərindən ibarət vahid şəbəkə qurulub. Bu şəbəkə naməlum və keçilməz qala yaradıb. Əksər əyalətlərdə, strateji dağların içində, yerin yüzlərlə metr dərinliyində yerləşən bu strateji bazalar ölkənin nəhəng çəkindirmə potensialına zəmanət verir”.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, zaman-zaman İranın bu tip bəyanatlarını eşidirik:
"40 günlük müharibədən çıxarılan əsas nəticə bu oldu ki, İran müharibənin ilk anlarından etibarən onun miqyasını böyütməyə və regiona yaymağa çalışdı. Deyə bilərik ki, buna nail də oldu. Belə ki, İran İsraildən daha çox Körfəz ölkələrini hədəf götürərək onlara zərbələr endirdi. Bunu isə həmin ölkələrdə Amerikanın hərbi bazalarının olması ilə əsaslandırdı. Hazırkı şəraitdə İranın ali lideri bir neçə gün əvvəl Amerikanın hücuma başlayacağı təqdirdə müharibənin sərhədlərinə məhdudiyyət qoyulmaması ilə bağlı göstəriş verib. İran tərəfi bununla əlaqədar öz arsenalında olan uzaqmənzilli raketlər vasitəsilə Avropadakı Amerika bazalarına da zərbələr endirməyə çalışacağını bəyan edib. Əlbəttə ki, belə bir vəziyyət yaranarsa, bu, müharibənin arealının genişlənməsi anlamına gələcək”.
Politoloq əlavə edib ki, İran məhz müharibəni iki tərəfli çərçivədən çıxararaq geniş areala yaymaqla beynəlxalq səviyyədə daha çox dəstək qazanmağa, Amerikaya təzyiqlərin artmasına, o cümlədən Hörmüz boğazı vasitəsilə dünyanı şantaj etməyə çalışacaq:
"Belə bir vəziyyət yaranarsa, Avropa ölkələrində də ictimai rəydə anti-Amerika əhval-ruhiyyəsinin yüksəlməsinə, Amerika bazalarının Avropadan çıxarılması tələblərinin artmasına gətirib çıxara bilər. İran məhz bunu hesablayır. Amma Avropa ölkələrində NATO-nun hava hücumundan müdafiə sistemlərinin bu raketlərin qarşısını almaq imkanları da, təbii ki, zəif deyil. Yəni bu raketlərin qarşısı alına bilər. Bununla belə, müharibənin arealının genişlənməsi taktiki baxımdan İranın xeyrinə olsa da, strateji baxımdan İran üçün heç də əlverişli şərait yaratmayacaq. Belə ki, indiyədək müharibəyə qoşulmayan Avropa ölkələri anti-İran mövqelərini daha da gücləndirə bilərlər. Bu baxımdan, müharibənin arealı genişlənə bilər. Bu, gərginliyin artması deməkdir. Yaxın zamanlarda müharibənin olub-olmayacağına gəlincə isə, bunu söyləmək həddindən artıq çətindir. Çünki bu qərarı verəcək şəxs Trampdır və o da qərarını öz fikrinə uyğun olaraq dəyişə bilər. Amma hazırkı vəziyyətdə müharibə ehtimalının çox yüksək olduğunu rahatlıqla söyləmək mümkündür”.
Aynur Babazadə