Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran hakimiyyəti tərəfindən iki gün əvvəl, 23 yanvarda açıqlanan rəsmi rəqəmlərə görə, 3117 nəfər öldürülüb. Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, bunlara 2427 mülki şəxs və təhlükəsizlik qüvvələri, eləcə də 690 "terrorçu" daxil idi. Hesabatı hazırlayan və jurnalistlərlə müsahibə aparan həkim Əmir Parastanın sözlərinə görə, bu statistikaya hərbi xəstəxanalardakı morqlara gətirilənlər və ya sayma aparılmayan yerlərdə olanlar daxil deyil. Həkimin özü qurbanların real sayının daha çox olduğuna inanır.
Bu arada, ABŞ-da yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) 24 yanvar tarixinə olan etirazlar nəticəsində 5.459 ölüm hadisəsini təsdiqləyib, daha 17.031 məlumat təsdiqlənib. Etirazlar zamanı ölkə daxilində internet və mobil telefon xidməti kəsildiyindən, etirazlar zamanı yaralanan və ya ölən insanların dəqiq sayını müəyyən etmək hazırda çətindir.
İranda aksiyalarda bu qədər itki, ölüm olduğu halda etirazçılar geri çəkilmir. Onları bu qədər gücləndirən, geri çəkilməsinə mane olan nədir?Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, etirazların davam etməsinin səbəbləri çoxşaxəlidir: “İnsanlar haqsızlığa, iqtisadi çətinliyə, azadlıqların məhdudlaşdırılmasına qarşı çıxırlar. Repressiya qorxu yaradır, amma eyni zamanda qəzəbi də artırır. Hər öldürülən şəxs onun ailəsini və yaxınlarını sistemə daha çox düşmən edir. Bu fenomen sosial psixologiyada məlumdur. Zorakılıq qısamüddətli nəzarət yaradır, amma uzunmüddətli sabitliyi təmin edə bilmir”.
Tural İsmayılov
“İran cəmiyyəti dərin struktural dəyişikliklər keçirib. Təhsil səviyyəsi yüksəlib. Qadınlar universitet məzunlarının əksəriyyətini təşkil edir. Şəhərləşmə artıb və orta sinif genişlənib. Bu sosial qruplar siyasi iştirak, azadlıq və qanunun aliliyi tələb edir. Onlar ənənəvi teokratik strukturla barışmırlar. Generasiyalar arasında fərqlər kəskindir. İnqilabı yaşamış və dəstəkləyən nəsil yaşlanıb və nüfuz itirib. Yeni nəsil isə digər prioritetlərə malikdir”-deyə Tural İsmayılov qeyd edib.
Politoloqun fikrincə, etirazların böyüməsində sosial medianın rolu da böyükdür: “Telegram, Instagram və platformalara alternativ giriş imkanı yaradan VPN vasitələri daha böyük etiraz dalğası təşkil etməyə, informasiya yayımlamağa imkan verir. Hökumət internet kəsintisi tətbiq etsə də, tamamilə nəzarət edə bilmir. Diaspor icmaları da digər tərəfdən dəstək verir. İrandan kənarda yaşayan milyonlarla insan etirazlara mənəvi və maliyyə dəstəyi göstərir”.
İradə Cəlil, Bizimyol.info