Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pensiya yaşına çatan şəxslərin əmək fəaliyyətini davam etdirməsi cəmiyyətdə müzakirə doğuran sosial məsələlərdən biridir. Bir tərəfdən təcrübəli və peşəkar insanların işləməsi əmək bazarına töhfə verə, onların maddi rifahını yaxşılaşdıra və iqtisadi fəallığı artıra bilər. Digər tərəfdən isə yaşlı nəslin əmək bazarında qalması gənclərin iş imkanlarına, məşğulluq siyasətinə və sosial təminat sisteminə təsiri baxımından suallar yaradır.
Bəs pensiya yaşına çatan şəxslərin işləməyə davam etməsi ölkənin inkişafına töhfədir, yoxsa gələcəkdə ciddi sosial problemlərə yol aça bilər?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, pensiya yaşına çatan şəxslərin əmək fəaliyyətini davam etdirməsi müasir dövrdə yalnız sosial müdafiə məsələsi deyil, həm də iqtisadi inkişaf, əmək bazarının dayanıqlılığı və nəsillərarası sosial həmrəylik baxımından mühüm əhəmiyyət kəsb edir:
"Bu prosesə birmənalı şəkildə sosial problem kimi yanaşmaq düzgün olmazdı. Əksinə, düzgün tənzimləndiyi təqdirdə yaşlı insanların əmək fəaliyyətində iştirakı həm ölkə iqtisadiyyatına, həm də onların fərdi rifahına mühüm töhfə verə bilər. Pensiya yaşına çatmaq əmək qabiliyyətinin başa çatması demək deyil. Bununla belə, əmək fəaliyyətinin davam etdirilməsi insanın sosial təminat hüququnu əvəz etməməlidir. Dövlətin əsas vəzifəsi həm işləmək istəyən yaşlı nəslin təcrübəsindən səmərəli faydalanmaq, həm də layiqli pensiya təminatı hesabına əmək fəaliyyəti göstərmədən yaşamaq istəyən şəxslərin rifahını təmin etməkdir. Əhalinin yaşlanması, doğum səviyyəsinin azalması və əmək qabiliyyətli insanların ümumi əhali arasında xüsusi çəkisinin dəyişməsi bir çox ölkələrdə pensiya sistemlərinin maliyyə dayanıqlığına təzyiq göstərir. Belə şəraitdə sağlamlığı və əmək qabiliyyəti imkan verən pensiya yaşlı şəxslərin işləməyə davam etməsi əmək resurslarından daha səmərəli istifadə, təcrübəli kadr potensialının qorunması və sosial sığorta sisteminin gəlir bazasının genişləndirilməsi baxımından müsbət nəticələr yarada bilər".
Ekspert vurğulayıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci il hesabatında yaşlı işçilərin məşğulluğunun artırılması üçün çevik iş rejimi, peşə hazırlığı, ömürboyu təhsil və yaşa görə ayrı-seçkiliyin aradan qaldırılması əsas istiqamətlər kimi müəyyən edilib:
"Beynəlxalq Əmək Təşkilatının 162 saylı tövsiyəsində də yaşlı işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması, iş şəraitinin onların sağlamlıq və fiziki imkanlarına uyğunlaşdırılması, eləcə də pensiyaya keçidin könüllülük prinsipi əsasında həyata keçirilməsi tövsiyə olunur. Bu baxımdan, əsas prinsip odur ki, insan pensiya yaşından sonra işləməyə məcbur edilməməli, lakin işləmək istədiyi halda ona müvafiq imkanlar yaradılmalıdır. Çünki aşağı pensiya təminatına görə işləmək məcburiyyətində qalmaqla şəxsi seçim əsasında əmək fəaliyyətini davam etdirmək fərqli sosial vəziyyətlərdir. Bununla yanaşı, məsələnin digər tərəfi də nəzərə alınmalıdır. Yaşlı şəxslərin əmək bazarında uzun müddət qalmasının gənclərin məşğulluq imkanlarını məhdudlaşdırması, nəsillərarası rəqabəti gücləndirməsi və ya fiziki cəhətdən ağır işlərdə çalışan şəxslərin sağlamlığına mənfi təsir göstərməsi müəyyən sosial risklər yarada bilər. Lakin beynəlxalq təcrübə göstərir ki, yaşlı və gənc işçilərin məşğulluğu mütləq şəkildə bir-birini istisna etmir. Əsas məsələ əmək bazarında balanslı və inklüziv siyasətin həyata keçirilməsidir. Yaponiya, Almaniya və İsveç kimi ölkələrin təcrübəsi də yaşlı insanların əmək bazarında iştirakının çevik məşğulluq mexanizmləri və sosial təminat tədbirləri ilə uzlaşdırılmasının mümkünlüyünü göstərir".
R.Sabir bildirib ki, Azərbaycanda da son illərdə işləyən pensiyaçıların sayında artım müşahidə olunur:
Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər arasında əmək fəaliyyətini davam etdirənlərin sayı artır. Belə ki, 2020-ci ildə yaşa görə pensiyaçıların tərkibində işləyənlərin xüsusi çəkisi 16,0 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 20,3 faizə yüksəlib. Azərbaycan üçün də əsas məqsəd pensiya yaşına çatan şəxslərin əmək bazarından avtomatik kənarlaşdırılması deyil, onların potensialından səmərəli istifadə edilməsi olmalıdır. Bu, həm yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, həm də ölkənin iqtisadi inkişafına töhfə verə bilər. Xüsusilə, pensiya təminatının insanların layiqli həyat səviyyəsini təmin etməsi baxımından mövcud imkanların nəzərə alınması vacibdir. Bu səbəbdən işləmək istəyən pensiyaçıların əmək fəaliyyətini davam etdirməsi üçün əlavə imkanlar yaradılmalıdır. Bunun üçün dövlət və özəl sektorda natamam iş vaxtı, məsafədən iş və çevik məşğulluq modelləri genişləndirilməli, yaşlı işçilərin rəqəmsal bacarıqlarının artırılması və yenidən ixtisaslaşması dəstəklənməlidir. Eyni zamanda, təcrübəli mütəxəssislərin bilik və bacarıqlarını gənc əməkdaşlara ötürməsi məqsədilə mentorluq və təcrübə mübadiləsi proqramlarının tətbiqi təşviq edilməlidir".
Müşviq Tofiqoğlu
AzPolitika.info