Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ-İsrail-İran müharibəsinin gedişatında İspaniya dəniz və hava bazalarından Amerika təyyarələrinin istifadə etməsinə icazə verməyib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, İspaniya ilə əlaqələrinin olmasını istəmirlər. Daha sonra İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın təhdidlərinə "müharibəyə yox" deyə cavab verib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, İspaniyanın Amerika ilə münasibətləri ABŞ-də Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən bəri gərgin müstəvidə davam edir və razı olmadıqları bəzi məsələlər var:
"Xüsusilə də İsrailin Qəzzaya dağıdıcı hücumları, insanların, hətta körpə uşaqların kütləvi olaraq qətlə yetirilməsi və şəhərin bütövlükdə xarabaya çevrilməsini İspaniya hər zaman pisləyib və bu kontekstdə ABŞ-nin bir də bu soyqırımı həyata keçirən bir dövlətə yardım etməsini tənqid edib. Donald Tramp hakimiyyətə gələndən bəri beynəlxalq hüquq anlayışı ayaqlar altındadır. Belə bir anlayışı Donald Tramp qəbul etmir. “Kim güclüdürsə, o haqlıdır” prinsipinə riayət edərək, istər gömrük rüsumları tariflərini qaldırmaq, istərsə də birtərəfli qaydada öz iradəsini dövlətlərə qəbul etdirmək siyasəti həyata keçirilir ki, bu yöndə də İspaniyanın hakimiyyəti, xüsusilə Baş nazir Sançes bu siyasəti qəbul etmir və hər zaman tənqid edir. İndiki vəziyyətdə də İrana hərbi müdaxilənin, bombardmanların baş verməsini haqlı olub-olmamasından asılı olmayaraq, yəni səbəblərin hansı səviyyədə olmasından asılı olmayaraq, İspaniya bunu beynəlxalq hüquqa daban-dabana zidd bir davranış kimi qəbul edir. Ona görə də Sançes İspaniyanın bu beynəlxalq hüququ ayaqlar altına sərən davranış prosesinin bir tərkib hissəsi olmaması üçün bu cür bazalardan istifadə imkanlarına qadağalar qoyur.
Bu da təbii ki, ABŞ-İspaniya arasında münasibətləri növbəti dəfə gərginləşdirir. Əslində bu, İspaniyanın nə qədər suveren bir dövlət və müstəqil siyasi iradəyə malik bir hakimiyyətə malik olduğunu bilavasitə ortaya qoyur. Çünki müstəqil siyasi iradəyə malik olmayan bir hakimiyyət və yaxud suveren olmayan bir dövlət ABŞ kimi hegemon dövlətə bu məsələlərdə etiraz edə bilməz. Yəni bu faktın özü də müstəqil siyasi iradəni ortaya qoyan ciddi amildir".
Siyasi şərhçi vurğuladı ki, İspaniya həm də Avropa Birliyinin tamhüquqlu üzvüdür və Avropa Birliyi dövlətləri də, bütövlükdə Avropa Birliyi İrana qarşı hərbi əməliyyatlarda iştirak etmir:
"Çünki bunu açıq şəkildə bəyan etməsələr də, bunun beynəlxalq hüquqa zidd olduğunu anlayırlar. Ən azından Almaniyanın kansleri Mertsin bu yöndə açıqlaması var ki, ABŞ-nin İrana hərbi müdaxiləsini heç bir şəkildə hüquqla aydınlaşdırmaq, uyğunlaşdırmaq mümkün deyil. Yəni dolayısı ilə bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edirlər. Doğrudur, İrana müdaxilə üçün tutarlı səbəblər var. Yəni perspektivdə İranın nüvə bombası əldə etməməsi kimi ciddi səbəblər və bəhanələr ortada var. Ancaq digər tərəfdən, bir də ABŞ-nin İrandan istəkləri var ki, bütövlükdə nüvə zənginləşdirmə prosesindən imtina edilsin, strateji ballistik raketlərdən, onların inkişafından tamamilə imtina edilsin ki, bu da açıq beynəlxalq hüquqa uyğun tələblər deyil. Çünki hər bir dövlətin özünü müdafiə etmək hüququ var".
Müsahibimizin sözlərinə görə, ABŞ-nin müəyyən haqlı tələbləri də var:
"Məsələn, bu gün İran rejimi sağ çıxması üçün sağa-sola bütün Yaxın Şərq, Körfəz ölkələrinə ballistik raketlər atır. Sadəcə həmin ölkələrdə yerləşən Amerika Birləşmiş Ştatlarının hərbi bazalarını, səfirliyini deyil, artıq iqtisadi obyektlərini, o cümlədən neft müəssisələrini, Səudiyyə Ərəbistanının ən böyük neft şirkəti olan "Aramco" kimi şirkətini, neft emalı zavodlarını raketlərlə vurur. Yəni bu faktın özü də əsas verir ki, həqiqətən bu rejim nəzarətdən çıxdığı təqdirdə çox təhlükəli bir amilə çevrilə bilər. Ona görə bu rejimin əlində bir də nüvə silahının olması həm regional, həm də qlobal səviyyədə böyük bir təhlükə yaradır.
Ancaq bütövlükdə bu məsələyə birmənalı olaraq qiymət vermiş olsaq, bu, öz xalqına böyük zülmlər edən bir İran rejimi ilə Epşteyn prosesinin tör-töküntüləri arasında böyük bir müharibənin getdiyini birmənalı demək olar. Yəni baş verən prosesin adı budur. Ona görə də ən azından məsələnin mahiyyətini bilən, anlayan dövlətlər bu prosesə qoşulmaq və dəstək vermək istəmirlər. İspaniyanın Baş naziri Sançes də bu şəxsiyyətlərdəndir. Ona görə ABŞ ilə İspaniya arasında münasibətlər bir ildir ki, Donald Tramp hakimiyyətə gələndən bəri gərgin müstəvidə davam edir".
Aytəkin TOFİQQIZI