Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkilərində günorta saatlarınadək təxminən 2,3 milyon nəfər səs verib.
Yeniavaz.com xəbər verir ki, bu, seçicilərin 31,5 faizini təşkil edir və 1977-ci ildən bəri həmin saat üçün qeydə alınan ən yüksək göstəricidir.
Komissiyanın məlumatına əsasən, İsrailin 10 milyondan çox vətəndaşından təxminən 7,3 milyonu səsvermə hüququna malikdir. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr yerli vaxtla saat 07:00-dan 22:00-dək açıq olacaq.
Qeyd edək ki, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan və İranla müharibənin başlanmasından sonra İsraildə keçirilən ilk seçkilərdir.
120 yerlik Knessetə seçkilərdə 36 siyasi partiya iştirak edir. Parlamentə düşmək üçün partiyalar səslərin ən azı 3,25 faizini toplamalıdır.
Hakim koalisiyanın əsas qüvvələri baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası, “Dini Sionizm” və “Yəhudi Gücü” partiyaları, eləcə də ultraortodoks “Tövrat yəhudiliyi” ittifaqı və ŞAS partiyasıdır.
Əsas müxalifət qüvvələri isə general-leytenant Qadi Ayzenkotun rəhbərlik etdiyi mərkəzçi “Yaşar” partiyası, keçmiş baş nazir Naftali Bennetin “Be-Yahad” ittifaqı və Aviqdor Libermanın sağçı “Bizim Evimiz İsraildir” partiyasıdır.
Sorğulara əsasən, ərəb partiyalarının vahid siyahısının və solçu “Demokratlar” partiyasının da seçki baryerini keçəcəyi gözlənilir.