Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
İsrailin Afula şəhərində Azərbaycan bəstəkarlıq məktəbinin banisi, musiqişünas-bəstəkar, elm xadimi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin dəstəyi ilə baş tutub.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən yubiley gecəsi Azərbaycanın qədim musiqi janrlarından olan muğamla tanışlıqla başlayıb.
Gecədə iştirak edən dünya şöhrətli rusiyalı musiqişünas, “Rus naxışları” Moskva vilayət Filarmoniyasının Dövlət Akademik Orkestrinin bədii rəhbəri və dirijoru İlya Yakovleviç Reybarx iki saatlıq mühazirə ilə çıxış edib.
O, muğamın Azərbaycanda qorunub saxlanılan orijinal xalq musiqi janrı olduğunu bildirib.
İlya Reybarx muğamın Azərbaycan operası da daxil olmaqla, milli musiqimizin əsasını təşkil etdiyini, eyni zamanda xalqımızın mənəvi və mədəni dəyərlərindən olduğunu diqqətə çatdırıb.
Ardınca, muğam sənətimizin inkişafında mühüm rol oynayan məşhur azərbaycanlı xanəndələrin ifasında muğam nümunələrinin səsyazmaları təqdim olunub.