Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Bunlara, mövcud rejimi devirmək, ölkəni daxildən parçalamaq və regionda özünəsadiq qüvvələr formalaşdırmaq aiddir
İran uzun müddətdir “uran zənginləşdirmə” hədəfi ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkir. Xüsusilə hegemon dövlətlər İranın nüvə fəaliyyətindən narahatdır. Elə bunun nəticəsidir ki, 2015-ci il iyulun 14-də İran ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında nüvə proqramını məhdudlaşdıran Ortaq Ümumi Fəaliyyət Planı (JCPOA) imzalandı. Sazişin əsas məqsədi İranın uran zənginləşdirmə səviyyəsini ciddi şəkildə məhdudlaşdırmaqdan ibarət idi. Ancaq 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp bir tərəfli olaraq sazişdən çıxıb, İrana qarşı ağır sanksiyalar tətbiq etdi. Bu addım, Vaşinqton-Tehran münasibətlərində uzun müddət bərpa olunmayan yaralar açdı. Xüsusilə Natanz və digər nüvə obyektlərinin ortaya çıxması ilə proseslər daha da kəskinləşdi. Qərb dövlətləri hesab edir ki, Natanz vasitəsilə Tehran nüvə silahı istehsalına yaxınlaşa bilər. Buna görə də 2025-ci ildə ABŞ və İsrail, İranın Natanz, Fordo və digər nüvə infrastrukturuna zərbələr endirdilər. Rəsmi olaraq iyunun 24-də atəşkəs elan edilsə də, regiondakı gərginlik hələ də davam edir. Son iki həftə ərzində İranda baş verən etiraz aksiyaları isə Tehran-ABŞ və Tehran-İsrail münasibətlərini daha da gərginləşdirdi. ABŞ lideri D.Tramp bu gün Davosdakı çıxışında İranın danışıqlara hazır olduğunu bildirib. Danışıqların harada və hansı formatda keçiriləcəyi hələ ki, məlum deyil.
Mövzu ilə bağlı Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsini qəti şəkildə istəmir:
“D.Tramp bu mövzuda dəfələrlə çıxış edib. Lakin aparılan nüvə danışıqları indiyədək müsbət nəticə verməyib. İranın molla rejimi nüvə silahını, özünü təhlükə altında gördüyü üçün əldə etməyə çalışır. Ölkədə baş verən son etiraz aksiyaları da göstərdi ki, bu təhlükə rejim üçün heç də əsassız deyil. Tehran Şimali Koreya modeli üzrə hərəkət edərək, nüvə silahı vasitəsilə ABŞ-ni çəkindirmək və bununla da rejimin davamlılığını təmin etmək niyyətindədir. Məhz buna görə İran uranın zənginləşdirilməsini və ballistik raketlərin istehsalını artırmağa davam edir. İqtisadi sanksiyaların yaratdığı ciddi çətinliklərə baxmayaraq, nüvə silahı ilə bağlı proses dayandırılmayıb. Rəsmi Tehranın nüvə silahı əldə etmək istəyi, əsasən, rejimin təhlükəsizliyinin təmin edilməsi və özünümüdafiə strategiyası çərçivəsində formalaşır”.
Politoloqun qənaətinə görə, Amerikanın yeganə narahatlğı İranın nüvə silahı əldə etməsidir:
“ABŞ İranın nüvə silahı hazırlamaq planını regional təhlükəsizlik üçün təhdid görür. Ümumilikdə, nüvə silahına malik olan dövlətlər, bu silahın yayılmasını və kütləviləşməsini istəmirlər. Xüsusilə İran kimi nəzarətsiz şəkildə proksi qüvvələri maliyyələşdirən bir ölkənin nüvə silahı əldə etməsi Vaşinqton üçün qəbuledilməzdir. Əgər İran nüvə proqramlarını dayandırsa, ABŞ-nin rejimlə prinsipial problemi qalmaz. İsrail isə bu məsələyə daha radikal yanaşır. Təl-Əviv Tehranı regionda birbaşa təhlükə kimi görür. Bu yanaşma səbəbsiz deyil. Çünki Husilər, HƏMAS, Hizbullah, Həşd-Şabi kimi proksi qüvvələr İran tərəfindən maliyyələşdirilir. Bu qüvvələrin əsas məqsədi regionu İranın maraqları çərçivəsində formalaşdırmaq və İsrail üçün davamlı təhlükə yaratmaqdır”.
T.Rzayevin sözlərinə görə, İsrailin hazırkı mərhələdə İranla bağlı üç əsas məqsədi var:
“Bunlara, mövcud rejimi devirmək, ölkəni daxildən parçalamaq və regionda özünəsadiq qüvvələr formalaşdırmaq aiddir. İranda baş verən gərgin proseslərin arxasında dayanan əsas oyunçulardan biri də məhz İsraildir. İran məsələsində ABŞ və İsrail arasında maraqlar ilkin mərhələdə uzlaşsa da, prosesin davamında strateji fərqliliklər üzə çıxır. İranın parçalanması Vaşinqton və Təl-Əviv arasında əsas fikir ayrılığı yaradan mövzulardan biridir. Hesab edirəm ki, İranda real islahatların həyata keçirilməsi və etiraz aksiyalarının səngiməsi şəraitində, rejim ABŞ ilə yenidən danışıqlar masasına qayıdacaq. Lakin etirazlar davam edərək daha gərgin mərhələyə keçərsə, rejimin devrilməsi ehtimalı aktuallığını qoruyacaq. Bununla belə, rəsmi Tehran ABŞ və İsrailə birbaşa zərbə endirmədiyi müddətdə, genişmiqyaslı hərbi müdaxilə ehtimalı yüksək görünmür”.
Aybəniz Səfərova