Icma.az bildirir, Yeniavaz portalına istinadən.
İstanbulda son 41 ilin yağıntı rekordu qeydə alınıb.
Yeniavaz.com ölkə mətbuatına aistinadla xəbər verir ki, dünən səhər saatlarından etibarən şəhəri bürüyən güclü leysan qısa müddətdə fəlakətə çevrilib.
Fatih rayonunda 14 yaşlı uşaq su gölməçəsindən keçərkən elektrik cərəyanının vurması nəticəsində, Ayazağada isə 34 yaşlı şəxs sel sularında boğularaq həyatını itirib.
Bir çox rayonda su və elektrik təchizatında fasilələr yaranıb, ümumilikdə 1 277 su basması hadisəsi qeydə alınıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin müvafiq qurumlarına ümumilikdə 6 937 müraciət daxil olub.
İstanbul Valiliyi əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də bütün əyani təhsilin dayandırıldığını açıqlayıb.
Şəhərin bəzi ərazilərində yağıntının miqdarı hər kvadratmetrə 240 kiloqramı ötüb. Xüsusilə Bosfor boğazı ətrafında, şəhərin Avropa qitəsinə düşən hissəsində təsirli olan leysan 1985-ci ildən bəri qeydə alınan ən yüksək göstəricilərdən birinə çatıb.
Beykoz rayonunda hər kvadratmetrə 242 kiloqram, Eyüpsultanda 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram yağıntı düşüb.