Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Zemfira Məhərrəmli – 70 Şəhərdə o gün ilıq bir payız havası vardı.
Gündüz saat 14.00-da Azərbaycan Mətbuat Şurasında (MŞ) istedadlı publisist, yazıçı Zemfira Məhərrəmlinin 2 yeni kitabının təqdimat mərasimi olacaqdı.
O da bəlli idi ki, xanımın yubileyi də bu ərəfələrə təsadüf edir.
Zemfira xanım vaxtilə bir kursda oxuduğu tələbə yoldaşlarından bir neçəsini, eləcə də Əməkdar jurnalist Bəyalı Rzayevi və bu yazının müəllifini də tədbirə dəvət etmişdi.
“Qardaşlarım, gəlsəniz, çox şad olaram” – demişdi. Getməyə bilməzdik, ona görə ki, aramızda dərin xətir-hörmət var.
Həmin gün Bəyalı müəllimlə vədələşib “Sahil bağı”nda görüşdük.
Vaxt darlığı artıq sıxırdı, gecikməmək üçün taksi sifariş etdik, beləcə, özümüzü lazımi ünvana yetirdik.
İkinci mərtəbədəki zalda enli və uzun masanın arxasında çox sayda xanım yazıçı və jurnalist əyləşib toplantının başlamasını gözləyirdi.