Icma.az
close
up
RU
İstedadın və zəhmətin söz ucalığı

İstedadın və zəhmətin söz ucalığı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Zemfira Məhərrəmli – 70

Şəhərdə o gün ilıq bir payız havası vardı. Gündüz saat 14.00-da Azərbaycan Mətbuat Şurasında (MŞ) istedadlı publisist, yazıçı Zemfira Məhərrəmlinin 2 yeni kitabının təqdimat mərasimi olacaqdı. O da bəlli idi ki, xanımın yubileyi də bu ərəfələrə təsadüf edir. Zemfira xanım vaxtilə bir kursda oxuduğu tələbə yoldaşlarından bir neçəsini, eləcə də Əməkdar jurnalist Bəyalı Rzayevi və bu yazının müəllifini də tədbirə dəvət etmişdi. “Qardaşlarım, gəlsəniz, çox şad olaram” – demişdi.

Getməyə bilməzdik, ona görə ki, aramızda dərin xətir-hörmət var. Həmin gün Bəyalı müəllimlə vədələşib “Sahil bağı”nda görüşdük. Vaxt darlığı artıq sıxırdı, gecikməmək üçün taksi sifariş etdik, beləcə, özümüzü lazımi ünvana yetirdik.

İkinci mərtəbədəki zalda enli və uzun masanın arxasında çox sayda xanım yazıçı və jurnalist əyləşib toplantının başlamasını gözləyirdi. Tanınmış kişi qələm əhlindən də bir neçə nəfər burada idi. Masanın üstündə və divar boyu gül dəstələri düzülmüşdü.

Televiziya kanallarının ölkənin çağdaş informasiya məkanında dominantlığı burada da hiss olunurdu. Biz salona daxil olanda Zemfira xanım hansısa telekanala müsahibə verirdi. Eşitdim ki, bir neçə “media kapitanı”nın da kamera arxasında yubilyar barədə öz ürək sözlərini deməsi planlaşdırılıb. Nəhayət, rəyasət heyəti masada öz yerini tutdu və yubilyarın zaldakılara minnətdarlıq ifadə baxışları altında təqdimat başlandı.

MŞ-in sədri Rəşad Məcid toplantını açaraq əvvəlcə iştirakçılara “səbəbkar”ın həyat və yaradıcılıq yolu barədə 10 dəqiqəlik filmi izləməyi təklif etdi. Filmin nümayişindən sonra Rəşad müəllim, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, tanınmış jurnalistlər Tahir Aydınoğlu, Şərəf Cəlili, Şəmsiyyə Kərimova, Əntiqə Qonaq, Ənvər Məşədiyev və digərləri Zemfira Məhərrəmlinin az qala yarım əsrə yaxın müddətdə mətbu sözə verdiyi töhfələrdən söz açdılar.

Çıxış etmək, ürək sözlərini dilə gətirmək istəyənlər çox idi, toplantı isə vaxt etibarilə uzanırdı. Redaksiyaya qayıtmalı, növbəti yazını katibliyə təhvil verməli idim. Bəyalı Rzayevin də səhhəti ilə bağlı vaxtı məhdud idi. Beləcə, təxminən saat yarımdan sonra toplantını tərk etməli olduq. Sözün düzü, bura gəlməzdən əvvəl yubilyarla bağlı çıxış edəcəyimi düşünürdüm. Ürəyimdə bəzi uzun-uzadı danışanları qınayıb, vəziyyətdən çıxış yolu kimi, arzu və düşüncələrimi yazıya alacağımı qət etdim. Əziz oxucu, beləcə, sizə təqdim etdiyim qeydlərim meydana gəldi.

...Çıxış etsəydim, deyəcəkdim ki, MŞ-nin binası taksi sürücülərinin dediyi kimi, bir qədər “naqolay” yerdə yerləşsə də, dostum Bəyalı Rzayevlə burada olmağımızdan çox məmnunuq və özümüzü əziz bir bayrama təşrif buyuran qonaqlar kimi hiss edirik. Ona görə ki, yubilyarla bağlı qəlbimizdə dolaşan xatirələr bizi ömrümüzün baharına, unudulmaz tələbəlik illərimizə çəkib aparır və o illərlə bağlı kövrək hiss və düşüncələr bugünün özündə belə qəlbimizi isidir. Deyəcəkdim ki, bir-birindən əziz və qayğısız günlər, semestr imtahanlarının həyəcanları həyatımızın ən qaynar çağları idi və nə gizlədim, bir çoxumuz gələcək arzu və planlarımızda çox iddialı idik, hətta qəlbimizin dərinliklərində az qala dağı dağ üstə qoyacağımızı düşünürdük.

Amma vaxt keçdi, vədə dolandı, əlahəzrət zaman, böyük Sabir demişkən, “yağı yağ üstə yığdı, ayranı ayranlıq etdi”. Tələbə yoldaşlarımız arasında karyerasını öz istedadı və halal zəhməti ilə ilk quranlardan biri oldu Zemfira Məhərrəmli! 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olanda onun nə “adamı” vardı, nə də “dayısı”. Amma ağlı, zəkası, tərbiyəsi, gözəl ürəyi vardı. İndi artıq ölkənin adlı-sanlı, sayılıb-seçilən xanım jurnalistlərindən, yazıçı-publisistlərindən biridir.

Zemfira xanımın uğurlarına onun bir tələbə yoldaşı kimi hər zaman sevinmişəm. Ona görə ki, o, sadəliyi, əxlaqı ilə jurnalist peşəsinə daim hörmət gətirib, adını, şəxsiyyətini qoruyub, peşəkar və ləyaqətli qələm sahibi olduğunu sübut edib. Zemfira xanım gözütox, təmənnasız şəxsiyyətlərdəndir. Yeganə gözləntisi haqqında yazdığı, haqlarını müdafiə etdiyi insanlardan quruca “sağ olun, yaxşı yazmısınız” sözləridir. Mənə elə gəlir ki, o, ürəkdən deyilən “sağolları” ən çox eşidən jurnalistlərdəndir.

Yadımdadır, gənc, yazıb-yaratmaq enerjisi aşıb-daşan Zemfira 1978-ci ildə universiteti bitirib “Azərbaycan” nəşriyyatında 7-ci mərtəbədə yerləşən “Bakı” axşam qəzetində müxbir kimi əmək fəaliyyətinə başlamışdı. “Bakı” qəzetindən bir mərtəbə aşağıda ədəbi işçisi olduğum, rus dilində nəşr olunan “Bakinskiy raboçiy” qəzetinin redaksiyası yerləşirdi. Bəyalı Rzayevin şöbə müdiri vəzifəsində çalışdığı “Azərbaycan gəncləri” qəzeti isə nəşriyyatın 8-ci mərtəbəsində yerləşirdi.

Biz Zemfira ilə o dövrdə nəşriyyatın mərtəbələrində, lift və pilləkənlərdə, demək olar ki, hər gün rastlaşırdıq, çox vaxt hətta 2-3 kəlmə söhbət etməyə belə macal tapmırdıq. Amma hər dəfə yanımdan ötüb keçərkən Zemfiranın dilindən səslənən “Məsaim, qardaşım, necəsən?” kəlmələri bu gün də qulaqlarımda xoş əks-səda verir. Bu, 3 sözdən ibarət kəlmə gənc Azərbaycan xanımının öz tələbə yoldaşı və həmkarına qarşı sözlə ifadə olunmayacaq saf, səmimi duyğuları əks olunurdu. Bəyalı Rzayev ilə söhbətlərimdə məlum olurdu ki, Zemfira eyni diqqət və qayğını ondan da heç vaxt əsirgəməyib. Halbuki güclü cinsə mənsub olaraq biz ona daha çox diqqət və qayğı göstərməli idik.

Bəlkə də Yer kürəsinin heç yerində Vətənimizin qız-gəlinlərinin dillərindən səslənən “qardaşım” ifadəsi qədər məhrəm söz eşidilmir. Zemfira xanımın “qardaşım”ı mənə və Bəyalı Rzayevə ən yüksək mükafatlar qədər əzizdir. O, bu sözü hər kəsə demirdi, yalnız layiq bildiyi və əxlaqına hörmət etdiyi insanlara işlədirdi. Ona görə də yaxından tanıdığım bütün ləyaqətli insanlar onun xətrini həmişə çox istəyiblər. Bu, bu gün də belədir, sabah da belə olacaq!

...1980-ci illərin sonlarında Azərbaycan xalqının taleyində ağır günlər başlanmışdı. Xain qonşularımız yenidən özlərinin uydurduqları sərsəm xəyallara uyaraq doğma Qarabağımızın guya onların babalarına məxsus olduğunu iddia edirdilər. Kreml də haylara açıq və gizli şəkildə hayan dururdu. Ermənilərin sərhədlərimizdə törətdikləri qanlı təxribatlar ağır müharibəyə çevrilmişdi. İgid, qeyrətli oğullarımız cəbhədə ölüm-dirim savaşına qalxmışdılar. O illərdə torpaqlaqlarımızı qorumaq üçün könüllü silaha sarılanlar arasında çox sayda mərd, qeyrətli qızlarımız da vardı.

Gənc jurnalist xanım, özü də 2 qız övladının anası Zemfira Məhərrəmli həmin ağır günlərdə vaxtaşırı döyüş bölgəsinə gedir, orada döyüşən qızların hünər və şücaətləri barədə reportaj, oçerklər yazaraq “Bakı” axşam qəzetinin səhifələrində dərc etdirirdi. Onun bu fədakarlığı Azərbaycan jurnalistikasının tarixində parlaq səhifə kimi qalacaq. Tezliklə, Zemfira xanımın imzası ilə “Döyüşə qızlar gedir” kitabı nəşr olundu və bir çox dillərə tərcümə edilərək bütün dünyaya yayıldı.

Hərbçi-jurnalistin Qarabağda döyüşən qızları könüllü olaraq ağ gəlinlik libaslarını əsgər şineli ilə əvəz edən mərd, qeyrətli, əxlaqlı gənc Azərbaycan xanımları idilər. Onların səsi, sorağı barıt qoxulu səngərlərdən gəlirdi. Zemfira xanım onların hər birinin cəsarət və şücaətlərini sonsuz məhəbbətlə təsvir və vəsf edibdir! Eşq olsun belə bir qeyrətli qələm sahibinə!

...Məni həyatımın yeniyetməlik illərində zərif bir otun, ya bir çiçəyin asfaltı, qayaları deşərək boy atıb böyüməsi çox təəccübləndirirdi. Bu möcüzənin necə baş verdiyini bilmək istəyirdim. Orta məktəbdə mənə biologiyadan dərs deyən Cəlil Tahirov bunu belə izah etmişdi ki, həmin otların, çiçəklərin nüvələrində atom və molekulların hərəkət tezliyi daş və qayalarda olduğundan, bəlkə də, min, milyon dəfə çoxdur. Ona görə də ilk baxışda belə bir ağlasığmaz təbiət hadisəsi baş verir.

Bu misalı çəkməkdə məqsədim var. Düşünürəm ki, Zemfira Məhərrəmlinin son illər qəzetçilikdən yazıçılığa, böyük ədəbiyyata keçid etməsi onun fitrətindəki bitib-tükənməyən yazıb-yaratmaq enerjisindən xəbər verir. O, hekayə, povest və romanlarında insan psixologiyasının ən dərin qatlarına səyahət eməklə, oxuculara həyatda yaxşılığın, comərdliyin, ədalətin yüksək insani məziyyətlər olduğunu bədii həqiqətlər vasitəsilə bir daha göstərmək istəyir. Yazıları ilə insanları düz, halal və mənəviyyatlı olmağa səsləyir. Müəllifin niyyəti xoş, yazılarının təhkiyəsi gözəldir, dili oxunaqlıdır.

Bugünümüzdən artıq xeyli uzaqda görünən BDU-nun jurnalistika fakültəsinin tələbələri olduğumuz illərə boylananda, tələbə dostlarımızıın arasında kimin hansı məqama yüksələcəyini təsəvvür etmək heç də asan deyildi. Mənə elə gəlir ki, o dönəmdə böyük maddi imkanları və “yuxarı”larla əlaqələri olmayan sadə ailələrin övladlarının özlərinə uğurlu karyera qurmaq şansları bazar iqtisadiyyatı qanunlarının hökm etdiyi indiki dövrdə olduğundan daha çox idi. Belə demək caizsə, “diş və dırnaqları” ilə cəmiyyətdə layiq olduqları məqamlara yetişməyi bacaran Qulu və Zemfira Məhərrəmlilər ailəsinin timsalında bunu xüsusilə aydın görmək olur.

MŞ-dakı yubiley tədbirində o da məlum oldu ki, Zemfira xanım hələ 22 il əvvəl mətbuatda təhsil məslələrinin işıqlandırılması mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Düşünürəm ki, bu qədər bilik və həyat təcrübəsi qazanandan sonra onun BDU jurnalistika fakültəsinin auditoriyalarında tələbələrə dərs deməyə, qəzetçilik peşəsi ilə bağlı mühazirələr oxumağa tam mənəvi haqqı var. Əlimdə səlahiyyət olsaydı, mütləq belə bir təklifdə bulunardım.

Yəqin ki, hörmətli professor Qulu Məhərrəmli yuxarıdakı abzası oxuyub deyəcək: “Yox, olmaz! Ər-arvadın bir yerdə işləməsi bir çox səbəblər üzündən məqbul sayılmaz!”. Və bunun üçün professor “daşdan keçən arqumentlər” gətirəcək. Tələsmə, Qulu müəllim! Bu təklif mənim təxəyyülümün məhsuludur. Bəlkə də Zemfira Məhərrəmli bu yaşında pedaqoji fəaliyyətlə məşğul olmağı heç ağlının ucundan belə keçirmir. Sadəcə mənə elə gəlir ki, bu, peşəkar jurnalistlər ordusu yetişdirməyin ən optimal yollarından biridir.

...Bəli, MŞ-də təşkil olunan toplantıda çıxış etsəydim, məhz bu fikirləri səsləndirmək fikrindəydim. Yaxşı ki, mənə orada çıxış etməyə növbə çatmadı. Danışsaydım, iclasdan çıxanda dostum Bəyalı Rzayev bu dəfə də adəti üzrə deyəcəkdi: “Sən danışmağa başlayanda, dayana bilmirsən!” Həmin günün axşamı Bəyalı “Votsap”da mənə yazdı ki, “Zemfiraya halal olsun, əməksevərliyi və istedadı ilə cəmiyyət üçün xeyli faydalı işlər görüb!” Düşünürəm ki, hörmətli həmkarım tamamilə haqlıdır!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2025 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri